Aprelin 23-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, qızı Leyla Əliyeva və digər ailə üzvləri Pekində Böyük Xalq Sarayı ilə tanış olublar.

"Tvit.az" xəbər verir ki, Pekinin mərkəzində, Tiananmen meydanının qərb tərəfində yerləşən Böyük Xalq Sarayı Çinin ən yüksək səviyyədə dövlət tədbirlərinin və mərasimlərinin, o cümlədən Çin Kommunist Partiyasının qurultaylarının, ali qanunverici orqan olan Çin Xalq Nümayəndələri Yığıncağının illik iclaslarının keçirildiyi, xarici dövlətlərin rəhbərlərinin rəsmi qarşılanma mərasimlərinin təşkil olunduğu dövlət sarayıdır.

Çin Xalq Respublikasının qurulmasının 10-cu ildönümü ilə əlaqədar inşa edilmiş Böyük Xalq Sarayı 1959-cu ildə istifadəyə verilib. Çin xalqının milli birliyinin rəmzi olaraq dizayn edilmiş saray 3 hissədən ibarətdir. Kompleksə Böyük və Əsas auditoriumlar, Konqres, ziyafət, rəsmi qonaqların qarşılanması zalları, Çin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin ofis binası daxildir. Böyük Xalq Sarayında Çinin hər bölgəsinin adına zallar var.

Saray dövlət tədbirlərinin olmadığı vaxtlarda ayın müəyyən günlərində ictimaiyyətin ziyarəti üçün açıq olur.