Polşanın Ostrołęka şəhərində texnikumda bıçaqlı hücum nəticəsində yaralananların sayı 9 nəfərə çatıb. Onlardan biri ağır vəziyyətdədir.
Tvit.az-ın məlumatına görə, bunu Ostrołęka dairə prokurorluğunun mətbuat katibi Eljbeta Lukaşeviç PAP agentliyinə bildirib.
Məlumata əsasən, yaralananlar arasında 5 şagird, 2 müəllim və hücum edən şəxsin hadisə yerindən qaçarkən yaraladığı 2 yoldan keçən şəxs var.
Polisin məlumatına görə, hücumu eyni texnikumun 19 yaşlı tələbəsi Yakub Z. törədib. O, hadisədən 25 dəqiqə sonra şəhər çimərliyində saxlanılıb. Özünə bir neçə xəsarət yetirdiyi üçün o da xəstəxanaya yerləşdirilib.
Yerli hakimiyyət orqanları bildirib ki, şübhəlinin daha əvvəl üzərində narkotik maddələr aşkarlandığı üçün qanunla problemi olub. Bundan başqa, Yakub Z. psixoloqun nəzarətində olub.