Rusiya və Özbəkistan 2027-ci il üçün hərbi əməkdaşlıq planı imzalayıb. Tərəflər müdafiə sahəsində əlaqələrin genişləndirilməsi və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Tvit.az-ın xarici mediaya istinadla məlumatına görə, Rusiyanın müdafiə naziri Andrey Belousov Daşkəndə səfəri çərçivəsində özbəkistanlı həmkarı Botir Kudratxocayevlə görüşüb.
Görüş zamanı Belousov bildirib ki, Özbəkistan hərbçiləri artıq Rusiya Silahlı Qüvvələrinin təlim mərkəzlərində praktiki döyüş təcrübəsinə malik təlimatçıların rəhbərliyi altında hazırlıq keçirlər.
Özbəkistanın müdafiə naziri Botir Kudratxocayev isə ölkəsinin Rusiya ilə müdafiə və regional təhlükəsizlik sahələrində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.
Danışıqların yekununda iki ölkənin müdafiə qurumları arasında 2027-ci il üçün hərbi əməkdaşlıq planı imzalanıb.
Aysel Şirinova