Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ digər Qoşa sağsağanlar
digər

Qoşa sağsağanlar

04-03-2025 14:00 25 Baxış
IMG

Sosial şəbəkələrdə ağıllı söz danışanlar, faydalı məsləhət verənlər, maraqlı xəbər yayımlayanlar və bir də “öz məharətini göstərənlər” var. Müvafiq olaraq ağıllı adamlar ağıllı söz danışanlara qulaq asır, faydalı iş görmək istəyənlər öyüd-nəsihət verən blogerləri izləyirlər. Dünyadan, ölkədən, maraqlı hadisələri tirajlayan blogerlərin də öz auditoriyası var.

 

Bu sırada ən sonuncu gələn “öz məharətini göstərmək istəyən” blogerlərdir ki, onların da çoxu əsasən monoloq-çıxışları ilə sosial şəbəkə arxivlərini zibilləyib özləri özlərindən həzz alanlardır. Nə qədər ki, sosial şəbəkələr populyarlaşmamışdı bu qəbildən olan insanlar Londonun Hide Parkındakı “Natiqlər kürsüsü”ndə (Speaker Corner), taburetkanın üstündə çıxış edərdilər. Hide Parka ilk dəfə gələn turistlər şəstlə taburetkaya qalxan “natiqin” sanki nə isə ciddi bir şey danışacağını güman edərək onun həndəvərində toplaşanda “natiq” gözünü yumub ağzını açardı. Nə danışacağını əvvəlcədən bilməyən “natiq” sosial vəziyyətdən şikayətlənməkdən tutmuş Amerika prezidentinə istefa tələb etməyə qədər ağıla gələn və gəlməyən istənilən şüarı səsləndirə bilərdi. Elə bizdəki kimi. Bu isə turistləri əyləndirir, güldürür və sonda turistlər cibindəki xırda pullardan bir neçəsini taburetkanın qarşısındakı qutuya atıb təbəssümlə oradan uzaqlaşardılar. Yeri gəlmişkən o “natiqlər” bizim ölkədə olduğu kimi, Ingiltərədə də toxunulmaz sayılırdılar, çünki İngiltərə höküməti ağıldan kəm adamların hüquqlarının ən ciddi şəkildə qorunduğu bir ölkədir. Odur ki, onlar ağlına nə gəlsə danışa bilərdilər, məmurlar da onlara heç bir reaksiya verməz və üstəlik turistləri əyləndirdikləri üçün ürəyinin dərinliyində də olsa onlara minnətdar olardılar. Sosial şəbəkələr meydana çıxandan bəri vəziyyət dəyişib, artıq Speaker Corner boş qalıb, taburetkanı da yığışdırıblar. Öz məharətini göstərmək istəyənlər bütün ölkələrdə, o cümlədən bizdə də sosial şəbəkələrə köçüblər. Bizim parklarda “Speaker corner” olmasa da sosial şəbəkələrdə taburetkaya çıxıb monoloq vasitəsilə öz məharətini göstərənlər az deyil. Onlardan da ikisi “ala itdən məşhur”dur.

 

Bu günlərdə Youtube-da ən son xəbərləri axtararkən növbəti dəfə Əli Kərimlinin qəzəbli sifəti ilə rastlaşdım. Paylaşımın başlığını oxuyanda mən də üzümdə Hide Park turistlərinin təbəssümünü hiss etdim və “natiq”in monoloquna qulaq asmaq qərarına gəldim. Əli Kərimli Hide Parkdakı Speaker corner natiqləri qədər ifadəli monoloq deyə bilməsə də məzmunundan onları yamsıladığı bəlli oldu.
Əli Kərimli tütün məhsullarının və spirtli içkilərin satış qiymətlərinin artmasını bəhanə gətirərək guya ölkədə sosial gərginliyin artdığını iddia edir. “Pensiyaların kəsildiyini və müavinətlərin azaldığını” iddia edən Əli Kərimli guya milyonlarla Azərbaycanlının öz evlərində soyuqdan donduğunu, az qala adamların küçədə acından öldüyünü iddia edir və bu kimi cəfəngiyyatlar danışmaqla bərabər üstəlik dövləti bir sıra xarici ölkələrlə iqtisadi – ticarət münasibətlərini gücləndirməkdə günahlandırırdı. Pensiyaların azalması haqqında ağ yalan danışan Əli Kərimli deyəsən unudub ki, onların hakimiyyəti illərində ümumiyyətlə ölkədə heç kimə nə maaş, nə də pensiya ödənilmirdi. Əli Kərimli hakimiyyətdə olduğu zaman heç bir evə təbii qaz verilmədiyini, Bakının çoxmərtəbəli binalarında odun sobasından istifadə edildiyini də unudub.

 

Xatırlayıram ki, keçən ilki monoloqlarından birində Əli Kərimli Azərbaycan hakimiyyətini Çin Xalq Respublikası ilə Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalamaqda günahlandırmışdı və bunu Çinin Kommunist partiyası tərəfindən idarə edilməsi ilə izah etmişdi. Vaxtilə hökümətdə ən yüksək vəzifələrdən birini tutmuş adamın belə absurd iddiası gülüşdən başqa nə doğura bilər. Sosial şəbəkədə onun qutusuna nə qədər pul atırlar, bilmirəm. Amma bu monoloqu Hide Parkda səsləndirsəydi “kapitalistlər” Əli Kərimlinin qutusuna bir pay yemək üçün yetərli qədər xırda pul atardılar. Cəmi bu qədər. Çünki Əli Kərimli məntiqinin və siyasətinin dəyəri bir neçə funtdan çox olmazdı.

 

O isə “öz məharətini” göstərməkdə davam edir. Pakistana sərmayə qoyulmasını, Gürcüstana qaz satılmasını, Fransanın müstəmləkə ərazilərində yerli xalqlara mənəvi-siyasi dəstəyimizi tənqid edən Əli Kərimli hətta spirtli içki qəbul edib ölənlərin də günahını dövlətin üstünə atmağa çalışır. Amma niyə görəsə bütün bunlardan danışdığı halda spirtli içkilərdən və digər zərərli vərdişlərdən ümumiyyətlə uzaq durmağı “öz xalqına” tövsiyə etmir. Bilirsiz niyə? Çünki onun monoloquna qulaq asanlar məhz o qəbildən olan başı daim dümanlı olanlardır. Onların qulaqlarını oxşayacaq sözlər söyləməsə tamamilə tək qalacağından qorxur.

 

Hərçənd burada da qorxulu bir şey yoxdur. Hətta bir gün Azərbaycandakı bütün başı dumanlılar da Əli Kərimlini dinləməkdən imtina etsələr onu dinləyəcək və absurd iddialarında ona dəstək səsini çıxaracaq birisi həmişə var – Hide Parkı tez-tez ziyarət edib kənardan həsrətlə “Speaker Corner” taburetkasına baxan “Kama-sutra elmləri doktoru” Cəmil Həsənli son nəfəsinə qədər onunla səs-səsə verib çığıracaq. Bu cılız çığırtılar təbiətdə əkiz quşlar kimi tanınan sağsağanların “həyasızlığını” xatırladır. Kiçik meşələrdə, parklarda, bağlarda, insanlara yaxın yerlərdə məskunlaşan, tez-tez yüksək səslə çığıra-çığıra ağacdan ağaca uçan və hətta tez-tez öz yuvalarını belə dağıtmaqdan vaz keçməyən sağsağanlar adətən sıx meşələrdən çəkinirlər.

 

Əli Kərimli və Cəmil Həsənli kimiləri isə anlamırlar ki, siyasət də elə bir növ sıx meşədir və bu meşədə sağsağanlara yer yoxdur.

 

Cavanşir Feyziyev
Milli Məclisin deputatı