ABŞ Prezidenti Donald Tramp Qrenlandiyada neft, qaz və faydalı qazıntı yataqlarının genişmiqyaslı kəşfiyyatına hazırlıq görüldüyünü bildirib.
O, “Truth Social” sosial şəbəkəsindəki paylaşımında ekspertlərin adadakı əlçatan neft ehtiyatlarının, demək olar ki, dünyanın istənilən digər ərazisindən daha çox ola biləcəyini düşündüklərini qeyd edib. Bununla belə, Tramp kəşfiyyat işlərini hansı qurumların aparacağını və fəaliyyətin konkret olaraq haradan başlayacağını açıqlamayıb.
ABŞ prezidenti Qrenlandiyanı ABŞ və Avropanın müdafiəsi baxımından əsas strateji mövqelərdən biri adlandırıb. Onun sözlərinə görə, adanın coğrafi mövqeyi ABŞ-a hücum zamanı pilotsuz uçuş aparatlarını, raketləri və digər silahları əvvəlcədən aşkar etməyə, eləcə də onları zərərsizləşdirməyə imkan verə bilər.