"Türkiyə və Azərbaycanın eyni könül coğrafiyasının iki qüdrətli dövlətidir".
Tvit.az "Haber Global"a istinadən xəbər verir ki, bunu Milliyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bağçalı deyib.
"Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsindəki münasibətlərin əsasında hər bir üzv dövlətin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və öz daxili qanunvericiliyinə hörmət prinsipi dayanır", - deyə siyasi təşkilat lideri bildirib. Partiya lideri Türkiyə-Azərbaycan əlaqələrinin siyasi proseslərdən uzaq, iki xalqın ortaq yaddaşına və mənəvi tellərinə söykəndiyini qeyd edib:
"İki ölkə arasındakı qardaşlıq bağlarına xələl gətirməyə yönəlmiş hər cür yanaşma qarşısında təmkin, qarşılıqlı anlayış çox vacibdir. Türkiyənin TDT-yə sədrliyi öz üzərinə götürməsi də bu proseslərin yaratdığı mühüm bir məsuliyyət və fürsətdir. Türkiyə-Azərbaycan münasibətləri isə bu prosesin ən sağlam sütunlarından biridir. İki dövlət arasındakı tarixi, mədəni və qardaşlıq əlaqələri siyasi gedişatlardan daha üstün olaraq xalqlarımızın müştərək yaddaşına və qəlb bağına əsaslanır. Bu baxımdan, Qarabağ Zəfərinin Ali Baş Komandanı, Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın zirvə toplantısındakı görüşünün Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz iradəsini bir daha sübut edəcəyinə inanırıq. Türkiyə TDT-yə sədrlik dövründə tarixindən aldığı güc, dövlətçilik təcrübəsi və gələcək baxışı ilə türk dünyasının birlik, həmrəylik və yüksəliş amallarına töhfə verməkdə davam edəcəkdir".