8 dekabr 2024-cü il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində, universitet rəhbərliyi və EDU Company Təhsil Şirkətinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Xəmsə” Bilik Yarışı – 2024 tədbiri baş tutub.
Tədbirin əsas məqsədi Ulu Öndər Heydər Əliyevin zəngin irsini gənclər arasında təbliğ etmək və onun mübariz, məqsədyönlü həyat yolunu iştirakçılara örnək olaraq təqdim etmək idi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqində Azərbaycan Memarlıq və İnşaat Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru cənab Orxan Naqdiyev çıxış edərək Heydər Əliyevin gənclərin inkişafında oynadığı mühüm rolu vurğulayıb. Daha sonra EDU Company Təhsil Şirkətinin direktor müavini cənab Hüseyn Manafov çıxış edərək, belə tədbirlərin Ulu Öndərin irsinin daha geniş auditoriyalara çatdırılmasında əhəmiyyətini qeyd edib.
Tədbir çərçivəsində Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən xüsusi videoçarx nümayiş olunub. İştirakçılar Heydər Əliyevin zəngin irsi ilə bağlı intellektual suallar və tapşırıqlara cavab verərək, öz biliklərini sınayıblar.
Tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rəhbər heyəti, EDU Company Təhsil Şirkətinin icraçı direktoru cənab Cəlal İsayev və şirkətin idarə heyətinin digər üzvləri iştirak ediblər.
Yarış maraqlı və rəqabət dolu anlarla yadda qalıb. Nəticələrə əsasən:
EDU Company 28 May filialının “Apokalipsis” komandası birinci yeri,
Göyçay filialının “Çinar” komandası ikinci yeri,
Xalqlar filialının “Zəfər” komandası isə üçüncü yeri qazanıb.
Sonda qalib komandalar xüsusi mükafatlarla təltif olunub və tədbir iştirakçıları ilə birgə xatirə fotosu çəkilib. Tədbir iştirakçıları bu cür maarifləndirici və ruhlandırıcı tədbirlərin davamlı şəkildə təşkil olunmasının əhəmiyyətini vurğulayıblar.