Rumıniyanın Slatina şəhərindəki bələdiyyə qəbiristanlığında COVID-19 pandemiyası zamanı ölən insanların qalıqlarının olduğu kütləvi məzarlıq aşkarlanıb.
Tvit.az xəbər verir ki, News.ro-nun məlumatına görə, polis qalıqların mənşəyini və insanların ölüm səbəblərini araşdırır. Qazıntılar zamanı yüzlərlə insan sümüyü, həmçinin pandemiya dövründən qalan və tam parçalanmamış cəsədlərin olduğu torbalar aşkarlanıb.
Slatina şəhərinin meri Mario De Mezzo cəsədlərin “xüsusi şəkildə” basdırıldığını bildirib. Onun sözlərinə görə, bu hal hadisənin mümkün cinayət motivi ilə bağlı suallar yaradır.
De Mezzo Rumıniya İstintaq Komitəsini araşdırmanı ləng aparmaqda ittiham edib. O, hadisə barədə hüquq-mühafizə orqanlarına ilk dəfə sentyabrın 3-də məlumat verdiyini, lakin həmin vaxtdan etibarən heç bir şübhəlinin müəyyən edilmədiyini bildirib.
Aysel Şirinova