ABŞ-da respublikaçı senator Bernie Moreno Çin avtomobillərinə qarşı sərt mövqe sərgiləyərək onların bazara girişinin tam qadağan edilməsini təklif edib.
Tvit.az xəbər verir ki, “Reuters”in məlumatına görə, senator bu ay ABŞ hökumətinin Çin avtomobil istehsalçılarına tətbiq etdiyi mövcud qadağaları daha da sərtləşdirəcək genişmiqyaslı qanun layihəsi təqdim etməyi planlaşdırır. Yeni təşəbbüs Çinlə əlaqəli bütün avtomobillərin – həm texniki avadanlıq, həm proqram təminatı, həm də tərəfdaşlıqlar daxil olmaqla – ABŞ bazarına daxil olmasının qarşısını almağı hədəfləyir.
Senator Nyu-York Beynəlxalq Avtomobil Sərgisi öncəsi keçirilən avtomobil forumunda çıxışı zamanı bildirib ki, qanun layihəsinin məqsədi “Çin avtomobillərinin heç bir halda ABŞ bazarına daxil olmamasını təmin etməkdir”.
Qeyd edək ki, Joe Biden administrasiyası tərəfindən 2025-ci ilin yanvarında qəbul edilən mövcud qaydalara əsasən, milli təhlükəsizlik və məlumatların toplanması ilə bağlı risklər səbəbindən Çin istehsalı olan minik avtomobillərinin satışı artıq məhdudlaşdırılıb.
Moreno avtomobil sektorunu telekommunikasiya sahəsi ilə müqayisə edərək ABŞ-ın Huawei şirkətinə tətbiq etdiyi qadağanı xatırladıb. Onun sözlərinə görə, Çin avtomobil istehsalçıları da eyni şəkildə bazardan kənarda saxlanılmalıdır.
Senator çıxışında sərt ifadələr işlədərək bildirib ki, ABŞ bazarına Çin avtomobillərinin daxil olması “xərçəng” kimi qiymətləndirilməlidir və bunun qarşısını almaq üçün digər ölkələrin də eyni addımları atması vacibdir.
Aysel Şirinova