Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial DeyiN görək, Tapıldı? (DNT)
sosial

DeyiN görək, Tapıldı? (DNT)

13-02-2026 18:00 107 Baxış
IMG

DeyiN görək, Tapıldı? (DNT)

Sosial xarakterli verilişlər bir – biri ilə yenidən bəhsə girib. Bu dəfə də məsələ axtarışdır. Lakin axtarılanlar göz önündədir. Övladın valideyninin həqiqətən kim olduğu axtarılır. DNT kağızları sanki reytinq alətidir.

 Gününü acıqla, hirslə başlayan kəs evdə həyat yoldaşı ilə kiçik mübahisə zəmnində istədiyi vaxt efirə müraciət edib, övladının anasından (az hallarda atası) şübhə etdiyini deyə bilər. Bu tələbi rahatlıqla qəbul ediləcək. Sonra isə xüsusi ajiotajla, arxa fonda həyəcanlı musiqi ilə efirdə nəticə açıqlanacaq. Studiyadakı hər kəs sanki nəfəsini tutub bu anı gözləyir. Bir neçə dəqiqə sükut çökəcək. Sonluqda isə nəticə elan ediləcək.  Nəticədən asılı olaraq səs-küy qopacaq. Tənqid fırtınası efiri bürüyəcək.

Doğrudur, təəssüf ki, bəzən şübhələr haqlı çıxır.. Habelə bununla əlaqədar böyüklərimizin bir deyimi var: “Qol qırılar səs çıxmaz”. Biz isə bu səsi milyonlara çatdırmaq üçün “mübarizədəyik”. Bir çox hallarda mübarizə anlayışı təqdir olunur. Bu mövzuda isə haqlı pəncərə yoxdur. Həyat yoldaşından şübhə edən də haqsızdır, daş-qalaq üçün hazır dayanan ekspert üzvləri də, elə böyük həyəcanla nəticəni gözləyən tamaşaçı da.

 Böyüklərdən (xüsusilə ictimai nəqliyyatda) tez – tez eşitdiyimiz, gileylə dilə gətirilən bir cümlə var: “Zəmanə dəyişib”. Dəyişimin də səbəbi məhz bu cür yanlış qurulmuş strategiyadır. Bir addım geri çəkilib nələrin təqdimatı üçün səy göstərildiyinə diqqətlə baxmalıyıq.

 Milli mənəvi dəyərlərimiz bu qədər ucuz təqdim olunmamalıdır. Əxlaq, namus, müqəddəs hesab edilən valideynlik anlayışı bir başqasının şəxsiyyətinin alçaldılması ilə, onun səhvi ilə göz önünə gətirilməməlidir. Cəmiyyətə bu cür təsir etmək, onları belə mövzu ilə qıcıqlandırmaqla itirən yalnız bizik. Hələ tam görünməsə də fəsadları bir müddət sonra üzə çıxacaq.

 Ümid edirəm, cəmiyyətimiz DNT dalğasında batmadan problem həllini tapar.

 

Aysel Şirinova, 

Tvit.az