Nisyə mal satışı ilə məşğul olan şirkətlərə və fərdi sahibkarlara verilmiş kreditlər üzrə əlavə qiymətləndirmə meyarı müəyyən ediləcək.
Tvit.az-ın məlumatına görə, bununla bağlı müvafiq qərar imzalanıb.
Qərara əsasən, nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə verilmiş kredit üzrə həmin şəxslərin nisyə satış portfelinin ümumi həcmi və alıcılarının sayı barədə banka təqdim etdiyi məlumatlarla kredit bürolarına təqdim etdiyi müvafiq məlumatların bank tərəfindən müqayisəsi nəticəsində hər hansı göstərici üzrə uyğunluğun 90 faizdən az olduğu müəyyən edildikdə aktivlər qeyri-qənaətbəxş aktivlər kateqoriyasına aid olunacaq.
Davranış modeli əsasında verilmiş kredit verildiyi anda azı nəzarət altında olan aktiv kimi təsnifləşdirilir.
Bundan başqa, dəyişikliyə əsasən, istehlak krediti üzrə təminat qismində zaminlik çıxış etdikdə, zaminin borcun gəlirə nisbəti (BGN) əmsalı 70 faizdən artıq olmamalıdır.
Kredit risklərinin hesablanması ilə bağlı müddəaya da dəyişiklik edilib. Belə ki, müvafiq hesablamada model əsasında verilmiş və son 12 ayda balansdan silinmiş kreditlər də nəzərə alınacaq.
Qeyd edək ki, zaminin BGN əmsalı ilə bağlı yeni tələb həmin müddəanın qüvvəyə mindiyi tarixdən sonra yaranmış kredit tələblərinə şamil ediləcək.
Məsələn, zaminin aylıq gəliri 1 000 manatdırsa, onun borc yükü üzrə aylıq ödənişləri 700 manatdan çox olmamalıdır.
Azərbaycanda bankların kredit verərkən borcalanın gəlirlərini hesablaması ilə bağlı yeni tələb müəyyənləşib.
Dəyişikliyə əsasən, borcalanın gəlirlərini müvafiq sənədlərlə və ya dövlət informasiya sistemlərindən əldə olunan məlumatlarla müəyyən etmək mümkündürsə, banklar həmin şəxsin gəlirini davranış modeli əsasında proqnozlaşdıra bilməyəcəklər.
Məsələn, şəxsin əməkhaqqı barədə arayışı varsa və ya gəliri dövlət informasiya sistemlərindən müəyyən edilirsə, bank kredit hesablaması zamanı davranış modelinin proqnozlaşdırdığı gəlirdən istifadə edə bilməz.