Rusiya səfirliyi Polşa mediasını Ukraynanın Xerson vilayətinin Alyoşki şəhərindəki ağır humanitar vəziyyətlə bağlı sübutsuz iddialarını yaymaqda ittiham edib.
Diplomatik nümayəndəlik bu barədə “Telegram” kanalında məlumat yayıb.
Səfirliyin açıqlamasında bildirilib ki, “Gazeta Wyborcza” qəzetində oktyabrın 14-də dərc olunan məqalədə Rusiya hakimiyyəti Alyoşki əhalisinə qarşı “soyqırımı” törətməkdə ittiham olunub. Diplomatik nümayəndəlik iddiaların heç bir sübutla əsaslandırılmadığını bildirib.
Səfirlik Polşa mediasının Kiyevin təbliğat xarakterli iddialarını yaydığını və bununla da hadisələri Buça hadisələri ilə əlaqələndirməyə çalışdığını iddia edib.
Rusiya tərəfinin bəyanatına görə, Alyoşkidəki ağır humanitar vəziyyətə görə məsuliyyət tamamilə Ukrayna qüvvələrinin üzərinə düşür. Səfirlik Ukrayna qüvvələrini şəhəri artilleriya, reaktiv yaylım atəşi sistemləri və pilotsuz uçuş aparatları ilə mütəmadi atəşə tutmaqda, ağır xəstələrin və yaralıların təxliyəsinə mane olmaqda, eləcə də humanitar yardım karvanlarına hücum etməkdə ittiham edib.