"Təmir zamanı “Azərişıq”dan 160 kV-lıq əlavə texniki şərt almışıq. Bu isə o deməkdir ki, obyektlər binanın ümumi elektrik xəttinə qoşulmayıb, hər birinə ayrıca xətt çəkilib”.
"Tvit.az" xəbər verir ki, bu sözləri "İctimai" TV-yə açıqlamasında Yasamalda yanan binadakı obyektin sahibi Vüqar Abbasov deyib. O bildirib ki, 2003-cü ildən “Loft Restoranı”nı və “Loft Dent” klinikasını icarəyə verib.
“Əgər mənim obyektimdə baş veribsə, qonşu obyektin məsuliyyəti yoxdur və əksinə. Lazımi sənədləri aidiyyəti qurumlara təqdim etmişik, istənilən ekspertiza və yoxlamaya da açığıq. Restoranın ümumi elektrik istifadəsi maksimum 20-30 kV təşkil edir. Halbuki bizə verilmiş texniki şərt 160 kV-lıqdır. Biz binanın ümumi elektrik sayğacına qoşulmamışıq. Xətlərimiz ayrıdır, sizdə yanğın baş verirsə, bizə heç bir aidiyyəti yoxdur, bizdə yanğın olursa, sizə aidiyyəti yoxdur. İstiliyin tüstülənmə yaratması üçün gərginlik bu həddi aşmalıdır. Sadəcə olaraq, bizim elektrik şitimiz binanın şaxtasının altında yerləşirdi. Yanğın da həmin şaxtada baş verdiyindən ərimiş materiallar bizim şitin üzərinə tökülüb. Lakin biz həmin şitə heç bir müdaxilə etməmişik. Sakinlərin bildirdiyinə görə, tüstü “trap”lardan da çıxıb. Əgər binanın müxtəlif yerlərindən tüstü çıxırsa, necə bizim obyektdən çıxmasın?”, - deyə obyekt sahibi bildirib.