Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Ayaqlarınız isti otaqda da üşüyür? - Ciddi xəstəliklərin əlaməti ola bilər
sosial

Ayaqlarınız isti otaqda da üşüyür? - Ciddi xəstəliklərin əlaməti ola bilər

03-09-2026 08:00 12 Views
IMG

Payız fəslində isti mənzildə belə ayaqların mütəmadi olaraq üşüməsi qan dövranı, sinir sistemi və ya hormonal fonla bağlı problemlərin göstəricisi ola bilər.

 

Tvit.az xəbər verir ki, bu barədə "İzvestiya" qəzetinə müsahibəsində tibb elmləri namizədi, həkim-terapevt Oksana Serebryakova məlumat verib.

 

"Soyuq aylarda orqanizm təbii şəkildə dəyişikliklərə məruz qalır: istiliyi qorumaq məqsədilə qan damarları daralır, maddələr mübadiləsinin sürəti azalır, hərəkətsizlik isə qan dövranını daha da zəiflədir. Oturaq həyat tərzi, uzun müddət eyni vəziyyətdə qalmaq, ayağı ayağın üstünə aşırmaq vərdişi, sərt pəhrizlər və fiziki aktivliyin azlığı ayaqlarda soyuqluq hissini artıra bilər. Belə vəziyyətlərdə narahatlıq hissi adətən hərəkət etdikdən, isindikdən və ya gün rejimini qaydaya saldıqdan sonra aradan qalxır", - deyə mütəxəssis izah edib.

 

Həkimin sözlərinə görə, isti otaqda, yorğan altında və ya yun corablarda belə isinməyən, daim soyuq olan pəncələr orqanizmin fəaliyyətindəki pozuntulardan xəbər verə bilər. Belə halların ehtimal olunan səbəblərindən biri Reyno xəstəliyidir. Bu xəstəlik zamanı əllərin və ayaqların kiçik damarları soyuğun və ya stresin təsirindən spazma uğrayır. Üşümə hissi ilə yanaşı, dəri əvvəlcə solğunlaşa, daha sonra göyümtül rəng ala, isindikdən sonra isə qızara bilər.

 

Terapevt qeyd edib ki, ayaqlarda soyuqluq hissi aşağı ətrafların arteriyalarının aterosklerozu zamanı da müşahidə oluna bilər. Xolesterin düyünlərinin yaranması səbəbindən damarlar daralır. Nəticədə insanda yeriyərkən ağrı, keyimə və dəri rənginin dəyişməsi halları baş verə bilər.

 

Mütəxəssisin fikrincə, digər mümkün səbəb venaların varikoz genişlənməsidir. Venalarda qan axınının pozulması ayaqlarda ağırlıq, şişkinlik və diskomfortla müşayiət oluna bilər. Bundan əlavə, davamlı üşümə hissi qalxanabənzər vəzinin funksiyasının pozulması, xüsusən də hipotireozla əlaqəli ola bilər. Hormonların kifayət qədər ifraz edilməməsi maddələr mübadiləsini ləngidir və orqanizmin istilik yaratmaq qabiliyyətini aşağı salır.

 

Dəmir çatışmazlığı anemiyası zamanı da ayaqlarda soyuqluq hissi yaranır. Ekspert vurğulayıb ki, şəkərli diabet zamanı bu simptom bəzən damarların və sinir liflərinin zədələnməsi nəticəsində meydana çıxır. Həkim digər mümkün səbəblər sırasına xroniki ürək çatışmazlığını, osteoxondrozu və periferik sinirlərin zədələnməsi ilə xarakterizə olunan polineyropatiyanı da aid edib.

 

Mütəxəssis ayaqlarda keyimə, qarışqa gəzməsi və ya yanğı hissi, dərinin quruması və qabıq verməsi, pəncənin rənginin dəyişməsi, şişkinlik, qıcolma, zəiflik və ya hərəkət zamanı ağrı meydana gəldikdə tibbi yardıma müraciət etməyə çağırıb. Eyni zamanda ayaqların daim üşüməsi və bununla paralel olaraq səhhətdə digər dəyişikliklərin yaranması xüsusi diqqət tələb edir. Bu vəziyyətdə müayinəyə terapevtin qəbulundan başlamaq tövsiyə olunur. O, problemin ən çox yayılmış səbəblərini müəyyən etməyə kömək edəcək ilkin analizləri təyin edə bilər.