Kanadanın Silvercorp Metals dağ-mədən şirkəti Qırğızıstanın Cəlalabad vilayətində yerləşən Çaaarat mədəninin inkişafına 556 milyon dollar investisiya yatıracaq.
Tvit.az xəbər verir ki, investisiyalar iki layihənin həyata keçirilməsinə yönəldiləcək.
2026–2028-ci illərdə “Tulkubaş” sahəsində 156 milyon dollar dəyərində emal fabriki tikiləcək. Müəssisə ildə 4 milyon tona qədər filiz emal etmək və 3 tondan çox qızıl istehsal etmək gücündə olacaq.
2028–2031-ci illərdə isə “Kızıltaş” sahəsinə 400 milyon dollar investisiya yatırılması planlaşdırılır. Burada ildə 4 milyon tona qədər xammalın emalı və 5,9–7,1 ton qızıl hasilatı nəzərdə tutulur.
Qeyd edək ki, Silvercorp Metals 2026-cı ilin yanvarında “Çaarat ZAAW” şirkətinin səhmlərinin 70%-ni 92 milyon dollara əldə edib. Qalan 30% səhm isə dövlətə məxsus “Qırğızaltın” konserninə məxsusdur.