Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 23-də Kazanda Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit ilə görüşü olub.
Tvit.az xəbər verir ki, Laos Prezidenti ölkəsi ilə Azərbaycan arasında yaxşı əlaqələrin olduğunu vurğulayaraq iqtisadiyyat, ticarət, investisiya, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli perspektivlərin mövcudluğunu qeyd edib.
Thonqlun Sisulit hələ 1981-ci ildə Bakıda olduğunu məmnunluqla xatırlayaraq, ötən dövr ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini vurğulayıb. O, sovetlər dövründə çox sayda laoslu mütəxəssisin Azərbaycanda təhsil almasına görə təşəkkürünü bildirərək, bu gün də həmin şəxslərin Laosda nazir, nazir müavini və digər rəhbər vəzifələrdə fəaliyyət göstərərək ölkənin inkişafına töhfə verdiklərini deyib.
Thonqlun Sisulit dövlət başçısını Laosa səfərə dəvət edib.
Xoş sözlərə görə minnətdarlığını ifadə edən Azərbaycan Prezidenti dəvətə görə təşəkkürünü bildirib.
Dövlət başçısı ölkələr arasında iqtisadiyyat, ticarət, enerji sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün müvafiq işçi qrupunun yaradılması və mütəxəssislərdən ibarət hökumət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil olunmasını qeyd edib.
Prezident İlham Əliyev Azərbaycanın təhsil sahəsində Laosa bundan sonra da dəstək göstərməsi imkanlarına toxunub.
Görüşdə gələn il Azərbaycan ilə Laos arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunacağı vurğulanıb, ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı qeyd edilib.