Azərbaycanda ötən ilin oktyabr ayı ilə müqayisədə bitki yağlarının qiymətində də artım qeydə alınıb. Bu ilin oktyabr ayında günəbaxan yağının bir litrinin qiyməti orta hesabla 5 manat 27 qəpik, qarğıdalı yağının bir litrinin qiyməti isə 6 manat 92 qəpik təşkil edib. Hər iki məhsulun qiymətində bahalaşma müşahidə olunsa da, daha yüksək qiymət artımı qarğıdalı yağında qeydə alınıb.
"Tvit.az" İctimai TV-yə istinadən xəbər verir ki, alıcılar bitki yağlarının bahalaşmasından şikayətçidirlər.
Satıcılar da son bir ay ərzində qiymət artımının daha aydın hiss olunduğunu bildirirlər. Onların sözlərinə görə, qiymət artımı 50 qəpik-1 manat arasında artıb:
"Türkiyədən, Rusiyadan gələn yağlarımız var. Eyni zamanda, Azərbaycanın yerli istehsalçılarına məxsus məhsullar da satılır. Bu yağlar arasında qiymət fərqi var. Son bir ay ərzində qiymətlərdə təxminən 50 qəpikdən 1 manatadək artım müşahidə olunub".