2025-ci ildə ölkədə 48 546 nikah və 20 675 boşanma qeydə alınıb, ailə quranların orta yaşı isə əvvəlki illərlə müqayisədə yüksəlib. Azərbaycanda nikahların sayında azalma davam edir. 2025-ci ildə ölkədə 48 546 nikah qeydə alınıb. Bu, əvvəlki illə müqayisədə 962 nikah və ya 1.9 faiz azdır. Pandemiya dövrü olan 2020-ci il istisna edilməklə, ötənilki göstərici 2003-cü ildən bəri ən aşağı səviyyədir.
Tvit.az rəsmi statistikaya istinadən xəbər verir ki, 2025-ci ildə ölkədə 20 675 boşanma qeydə alınıb. Bu da 2024-cü illə müqayisədə 709 hal və ya 3.3 faiz azdır.
Uzunmüddətli statistikaya nəzər saldıqda nikahların sayında daha böyük dəyişiklik müşahidə olunur. Belə ki, 2011-ci ildə Azərbaycanda 88 145 nikah qeydə alınmışdı. 2025-ci ildə bu göstərici həmin illə müqayisədə 39 599 və ya 44.9 faiz az olub.
Boşanmaların sayı isə eyni dövrdə əks istiqamətdə dəyişib. 2011-ci ildə 10 747 boşanma qeydə alındığı halda, 2025-ci ildə onların sayı 20 675-ə çatıb. Beləliklə, 14 il ərzində boşanmaların sayı 92.4 faiz artıb.
Əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı da azalıb. 2011-ci ildə bu göstərici 9.7 olduğu halda, 2025-ci ildə 4.7-yə enib. Boşanmaların sayı isə hər 1000 nəfərə 1.2-dən 2-yə yüksəlib.
Statistikada diqqətçəkən digər məqam nikaha daxil olanların orta yaşının artmasıdır. 2000-ci ildə nikaha daxil olan qadınların orta yaşı 23.6, kişilərin isə 28,4 idi. 2025-ci ildə bu göstəricilər müvafiq olaraq 25.1 və 30.1 yaş təşkil edib.
İlk dəfə ailə quran qadınların orta yaşı da 2000-ci ildəki 23.1-dən 2025-ci ildə 24.1-ə, kişilərdə isə 27.3-dən 28.7-yə yüksəlib.
Boşanmaların nikahın davametmə müddətinə görə bölgüsü də maraqlı mənzərə yaradır. 2025-ci ildə qeydə alınmış 20 675 boşanmanın 7 354-ü 10-19 il davam edən nikahlara aid olub. Bu, ümumi boşanmaların 35.6 faizini təşkil edir.
Beş ildən az davam edən nikahlarda 5 795, beş-doqquz il davam edən nikahlarda isə 4 845 boşanma qeydə alınıb. Daha 2 681 boşanma 20 il və daha uzun müddət evli olmuş şəxslərin payına düşüb.
Beləliklə, 2025-ci ildə pozulmuş nikahların 28 faizi beş ildən az, 23.4 faizi beş-doqquz il, 35.6 faizi 10-19 il, 13 faizi isə 20 il və daha uzun müddət davam edib.
Boşanan qadınların yaş bölgüsündə ən yüksək göstərici 30-34 yaş qrupunda qeydə alınıb. Bu yaşda 5 072 qadının nikahı pozulub. Kişilər arasında isə ən çox boşanma 35-39 yaş qrupunda müşahidə edilib - 4 844 nəfər.
Rəsmi məlumatlara əsasən, 2025-ci ildə nikahların və boşanmaların sayı əvvəlki illə müqayisədə azalsa da, uzunmüddətli göstəricilər ölkədə nikahların sayının əhəmiyyətli dərəcədə azaldığını, boşanmaların isə 2000-ci illərin əvvəli ilə müqayisədə daha yüksək səviyyədə qaldığını göstərir.