Qətərin Baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Əl-Tani CNN-ə müsahibəsində ABŞ-İran müharibəsinin regionda yaratdığı təzyiqlərdən danışıb.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, Şeyx Məhəmməd Hörmüz boğazında yaranmış vəziyyətin yalnız İranla məhdudlaşmadığını, bunun Körfəz ölkələrinə, o cümlədən Qətərə də təsir etdiyini bildirib.
“İrana qarşı blokada tətbiq oluna bilər, amma bu, həm də Körfəz ölkələrinə, xüsusən də Qətərə qarşı tətbiq edilən blokadadır. Gəmiləri çıxara bilmirik. Bu, çox çətindir”, – deyə o bildirib.
Qətərin Baş naziri Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməməsini qəbuledilməz hesab etdiyini vurğulayıb.
“Boğaz beynəlxalq su yoludur və bu, qlobal problemdir”, – deyə Şeyx Məhəmməd qeyd edib.
O, boğazın təhlükəsizliyindən müharibə çərçivəsində istifadə edilməsini də qəbuledilməz adlandıraraq, vəziyyətin həlli üçün beynəlxalq səviyyədə əlaqələndirilmiş tədbirlərin görülməsinə çağırıb.
“Xalqımızı və gələcək nəsilləri qorumaq üçün su yollarının bu cür manipulyasiyasına və şantajına son qoymalıyıq”, – Qətər hökumətinin başçısı bildirib.
Şeyx Məhəmməd su yollarından ölkələrin və naviqasiya azadlığının bloklanması məqsədilə istifadənin yolverilməz olduğunu vurğulayıb.
“Bu, güclü silahlanmadır və biz istənilən ölkə və ya tərəf tərəfindən hər hansı blokadanı və ya şantajı rədd edirik”, – deyə o əlavə edib.
Aysel Şirinova