Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın rəhbərlik etdiyi nümayəndə heyəti rəsmi səfərlə Çexiyaya gedib.
Tvit.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Nümayəndə heyətinin tərkibinə Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri Davit Xudatyan, xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vahan Kostanyan, Ermənistanın Çexiyadakı səfiri Aşot Hovakimyan və digər rəsmilər daxildir. Nümayəndə heyəti Praqadakı Vatslav Havel Beynəlxalq Hava Limanında Çexiya xarici işlər nazirinin müavini Yirji Brodski və Çexiyanın Ermənistandakı səfiri Petr Pirunçik tərəfindən qarşılanıb.
Səfər çərçivəsində sentyabrın 3-də Vaaqn Xaçaturyanın Çexiya Prezidenti Petr Pavel ilə Praqa qalasında görüşü nəzərdə tutulur. Əvvəlcə iki ölkə prezidentinin təkbətək görüşü keçiriləcək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli danışıqlar aparılacaq. Görüşlərin ardından prezidentlərin birgə mətbuat konfransında çıxış etməsi planlaşdırılır.
Qeyd edək ki, Xaçaturyan sentyabrın 2–4-tarixlərində Çexiyada rəsmi səfərdə olacaq. Bu, Ermənistan prezidentinin 12 ildən artıq müddətdən sonra Çexiyaya ilk səfəridir.
Aysel Şirinova,
Tvit.az