Nizami Rayon Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Asəf Vəliyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Tvit.az Pravda.az-a istinadla xəbər verir ki, hakim Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
İttihama görə, hadisə 2024-cü il tarixdə saat 21:30-da Nizami rayonu ərazisində yerləşən marketin qarşısında baş verib.
Belə ki, həmin vaxt Asəf Vəliyev yolun kənarında dayanmış taksiyə yaxınlaşıb. O, avtomobilin az əvvəl özü tərəfindən sifariş edilən taksi olduğunu düşünüb. Lakin qısa müddət sonra məlum olub ki, həmin taksi başqa müştərinin sifarişi əsasında gəlib. Bundan sonra Asəf Vəliyev özünün sifariş etdiyi taksinin sürücüsü ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq ona ünvanı izah etməyə başlayıb.
Bu zaman yolda yaranmış tıxac səbəbindən həmin ərazidən "Nissan" markalı avtomobili ilə keçmək istəyən, əvvəllər tanımadığı zərərçəkmiş Maqsud Nəbiyev (adı, soyadı şərtidir) maşının pəncərəsindən təqsirləndirilən şəxsə tələsməsini və yolu boşaltmalarını bildirib. Zərərçəkmiş şəxsin bu sözləri Asəf Vəliyevin aqressiv davranışına səbəb olub.
O, heç bir əsaslı səbəb olmadan Maqsudun ünvanına nalayiq ifadələr işlədib. Asəf bununla kifayətlənməyərək zərərçəkmiş şəxsə yumruqla zərbələr endirib.
Hadisənin Maqsudun yaxınlarının gözü qarşısında baş verdiyi bildirilib. Onun atası, arvadı və azyaşlı övladları həmin vaxt hadisə yerində olublar.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmiş şəxsə burun sümüyünün yerdəyişmiş sınığı, sağ gözaltı nahiyənin əzilmiş yarası, sol gözaltı nahiyənin sıyrığı, sağ gözətrafı nahiyənin qançırı və şişkinlik, tənəffüs məhdudluğu ilə müşayiət olunan digər xəsarətlər yetirilib.
Hadisədən sonra Asəf Vəliyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.