Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib
sosial

FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib

16-02-2026 20:00 13 Baxış
IMG

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevralın 17-18-də qərb küləyinin güclənməsi və havanın temperaturunun tədricən yüksəlməsi fonunda bəzi yüksək dağlıq ərazilərdə qar uçqunu olması ehtimalı var.

Tvit.az xəbər verir ki, bununla əlqədar Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladıb.

Belə ki, qar uçqunundan qorunmaq üçün uçqun ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək, qar uçqunu başladıqda isə dərhal qaçaraq onun yolu üstündən kənara çıxmağa çalışmaq, yaxınlıqdakı qayanın çıxıntısı altında gizlənmək lazımdır.

Əgər qar uçqunundan qaçıb qurtarmaq mümkün deyilsə, çanta və bu kimi digər əşyaları kənara atın, çömələrək dizlərinizi özünüzə sıxıb bədəninizi axının hərəkət istiqamətinə yönəldin.

Uçqun sizi yaxalayıbsa:

- nəfəs yollarını qardan qorumaq üçün ağız və burnunuzu şərf, əlcək, yaxud paltarın yaxalığı ilə örtün;

- qollarınızla suda üzən kimi hərəkət edərək uçqunun səthinə və ya kənarına çıxmağa çalışın;

- axın dayandıqda qar altında rahat nəfəs almaq üçün qollarınızla döş qəfəsi və üz ətrafında boşluq yaratmağa çalışın;

- uçqunun səthinə tərəf hərəkət etməyə çalışın (səthin harada olduğunu ağızdan axan selikin istiqamətinə görə təyin etmək olar);

- qar altından müstəqil çıxa bilmirsinizsə, qışqırmaq və sair hərəkətlər etməyin. Bu, sizin qüvvənizi, ətrafınızdakı oksigeni və istiliyi azaldır;

- soyuqqanlılığınızı itirmədən xilasediciləri gözləyin, yuxuya getməyin.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!