2026-cı ilin yanvar ayından hazırkı dövrədək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən təqdim olunan rəsmi məlumatlar, o cümlədən vətəndaş müraciətləri əsasında 124 vəzifəli şəxsin və qanunazidd əməllərin törədilməsində iştirakı ehtimal olunan 121 şəxsin barəsində hərtərəfli araşdırmalar aparılıb.
Bu barədə Tvit.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, qeyd olunan dövrdə Baş İdarənin əməliyyat qurumları tərəfindən hərbi xidmətə çağırış sahəsində qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı 4 əməliyyat-axtarış tədbiri keçirilib, nəticədə faktlar üzrə cinayət işləri başlanaraq İstintaq idarəsinə göndərilib.
Əlavə olunub ki, ümumilikdə, 2026-cı ilin yanvar ayından etibarən SHXÇDX-nin vəzifəli şəxsləri və digər şəxslər barəsində 8 cinayət işinin ibtidai istintaqı aparılıb. Həmin cinayət işlərindən 8 şəxs (7 vəzifəli şəxs və 1 vətəndaş) barəsində 5 cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə müvafiq məhkəmələrə göndərilib.
Məhkəməyə göndərilmiş işlər üzrə təqsirləndirilən 6 şəxs barəsində əsas qətimkan tədbiri qismində həbs, əlavə qətimkan tədbiri qismində vəzifədən kənarlaşdırma, 2 şəxs barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Hazırda 3 cinayət işi üzrə ibtidai istintaq davam etdirilir və onlardan bir cinayət işi üzrə 2 şəxs barəsində həbs və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri tətbiq olunub. İbtidai istintaq zamanı 3 cinayət işi üzrə 9 çağırışçı barəsində komisyon məhkəmə-tibbi ekspertizası təyin olunub. Ekspertizanın nəticələrinə əsasən 1 şəxs hərbi xidmətə yararlı hesab edilib, 2 şəxsə xidmətdən möhlət hüququ verilib, digər 6 şəxs üzrə isə ekspertiza davam etməkdədir.