Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Vətəndaşlar mediada gedən məlumatların bir müddət sonra silinməsini tələb edə bilər
sosial

Vətəndaşlar mediada gedən məlumatların bir müddət sonra silinməsini tələb edə bilər

13-02-2026 14:00 14 Baxış
IMG

Vətəndaşlar haqlarında mediada gedən məlumatların bir müddət sonra silinməsini tələb edə bilər.

"Tvit.az" xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Məlumata görə, insan Hüquqları üzrə Avropa Məhkəməsi unudulma hüququnu "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 8-ci maddəsi (şəxsi və ailə həyatına hörmət hüququ) çərçivəsində tanıyıb.

Ali Məhkəmə "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" Plenum Qərarında bu hüquqla bağlı yeni mövqelər sərgiləyib.

Ali Məhkəmənin mövqeyinə görə, bu hal sonsuza qədər davam edə bilməz və ictimaiyyətə açıq belə məlumatlar yayıldıqdan sonra müəyyən şərtlər daxilində şəxsin unudulmaq hüququ yarana bilər.

Belə ki, həmin məlumatların yayılmasının üzərindən müəyyən müddət keçdikdən sonra, məlumat köhnələrsə, öz aktuallığını itirərsə, artıq dövlət və ictimaiyyət üçün maraqlı olmazsa şəxs bu barədə tələb irəli sürə bilər. Lakin belə tələblərin təmin olunması üçün məlumat rəqəmsal platformada yayılmış olmalıdır və şəxs məlumatın hələ də onun mənafeyinə zidd olmasını sübuta yetirməlidir.

Məlumatların aktuallığının itirilməsi əvvəllər cəmiyyətin gündəmində olan informasiyanın köhnəlməsi səbəbindən iddianın qaldırıldığı zaman cəmiyyət üçün artıq hər hansı maraq və əhəmiyyət daşımamasıdır.

Belə neqativ məlumatların silinməsini tələb edən şəxslər müxtəlif münasibətlər daxilində (məsələn, iş axtararkən və ya biznes münasibətlərində) özlərinin keçmiş hərəkətləri və ya publik çıxışları ilə ömürlük üz-üzə qalmaq istəmirlər. Lakin tələb irəli sürdükləri halda, mənafelərinə olan neqativ təsiri əsaslandırmalı və sübut etməlidirlər.

Unudulmaq hüququ yalnız fiziki şəxslərə məxsus olmamaqla, həm də hüquqi şəxslərə aid qeyri-əmlak hüququ sayılır. Məsələn, hüquqi şəxsin istehsal etdiyi malın qüsurlu olmasına dair mətbuatda 5 il əvvəl yayılmış məlumatın silinməsinin tələb edilə bilər. İddia tələbləri bu məlumatların yerləşdirildiyi operatorlara, o cümlədən onlayn rəqəmsal platformalara, media subyektlərinə qarşı qaldırılmalıdır.

Qeyd edək ki, unudulmaq hüququ - rəqəmsal platformalarda əvəllər yayılmış fiziki və hüquqi şəxsin mənafeyinə mənfi təsir edən ictimaiyyətə açıq məlumatların (mətn, səs, görüntü və s.) sonradan dövlət və ictimai maraq baxımından hər hansı əhəmiyyət kəsb etməməsi və ya aktuallığını itirməsi səbəbi ilə silinməsini, anonimləşdirilməsini, gizlədilməsini, arxivləşdirilməsini və ya həmin məlumatlara əlçatanlığın məhdudlaşdırılması ilə bağlı digər hərəkətlərin edilməsini tələb etmək hüququnu nəzərdə tutur.

Bəzi məlumatlar (təsvir, səs, yazılı və ya şifahi çıxış mətnləri və sair) dövlət və ictimai mənafe baxımından yayıla bilər, öz aktuallığı ilə cəmiyyətin gündəmində, legitim maraq dairəsində ola bilər. Belə məlumatların yayılması qanunidir, şəxsin razılığının olub-olmaması, özü və ya başqa şəxs tərəfindən yayılmasının heç bir əhəmiyyəti yoxdur. Belə olan halda şəxs neqativ məlumatların onun mənafeyinə mənfi təsir etməsinə baxmayaraq, istədiyi vaxt onların düzəldilməsini, silinməsini tələb edə bilmir.