“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərmanın icrasına dair tələblər müəyyənləşib.
Tvit.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Sərəncama əsasən, Ədliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 939 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 yanvar tarixli 586 nömrəli Fərmanına uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidirlər.
Mərkəzi icra hakimiyyəti orqanları dörd aydan gec olmayaraq, fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etməlidirlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidirlər.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə altı ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidirlər.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.