Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Sabirabadda toyundan bir gün sonra ağır qəza törədən gəncə hökm oxundu
hadisə

Sabirabadda toyundan bir gün sonra ağır qəza törədən gəncə hökm oxundu

03-02-2026 22:00 14 Baxış
IMG

Sabirabad rayonunda iki nəfərin ölümü, beş nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinən 2000-ci il təvəllüdlü Mircavad Mirqədirlinin məhkəməsi başa çatıb.

 

Tvit.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə 28 avqust 2025-ci il tarixdə, saat 13 radələrində Sabirabad-Şirvan avtomobil yolunun Sabirabad rayonu, Güdəcühür kəndi ərazisindən keçən hissəsində baş verib.

 

Rahim Əliyevin və Mircavad Mirqədirlinin idarə etdikləri "VAZ-2107" markalı avtomobillər rayonunun Güdəcühür kəndi ərazisində toqquşub. Hadisə zamanı Rahim Əliyev həyatını itirib.

 

Xəsarət alan şəxslər - Nilay Əlizadə, Mircavad Mirqədirli, Mirtalıb Talıbov, Tənzilə Əliyeva və Rəhim Əlizadə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriblər.

 

Xəstəxanada Rəhim Əliyevin nəvəsi Nilay Əlizadə də vəfat edib.

 

Hadisəni törədən Mircavad Mirqədirlinin barəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ittiham elan edilib. İttihama münasibət bildirən Mirqədirli özünü təqsirli bilib. O bildirib ki, hadisədən bir gün öncə toyu olub.


Təqsirləndirilən şəxs qeyd edib ki, avqustun 28-də evdən çıxıb və Şirvan şəhəri istiqamətində gedərkən qarşıdan gələn avtomobil yolunda olan çuxurdan yayınmaq üçün onun yoluna çıxıb:

 

"Aramızda olan məsafə yaxın olduğu üçün əyləcdən istifadə etməsəm, avtomobillərin toqquşacağını gördüm və idarə etdiyim avtomobili yolun əks istiqamətinə çıxardım. Həmin an qarşıdan gələn avtomobilin öz yoluna qayıtdığını gördüm və öz yoluma qayıdan zaman toqquşma baş verdi".

 

Məhkəmədə ifadə verən zərərçəkmiş və zərərçəkmiş şəxslərin hüquqi varisləri təqsirləndirilən şəxsə qarşı şikayətçi olmayıblar.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs dörd il 10 ay dörd gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.