Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Türkiyənin prokuror və hakimlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edib
siyasət

Türkiyənin prokuror və hakimlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edib

16-01-2026 22:00 28 Baxış
IMG

İstanbul şəhəri Baş prokurorunun müavini Can Tuncayın rəhbərlik etdiyi prokuror və hakimlərdən ibarət nümayəndə heyətinin Azərbaycan Respublikasına, o cümlədən Bakı şəhərinə işgüzar səfəri reallaşdırılıb.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Tvit.az-a verilən xəbərə görə, səfərin məqsədi prokurorluq orqanları arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, institusional təcrübə mübadiləsinin aparılması və hüquqi sahədə əlaqələrin daha da möhkəmləndirilməsi olub.

 

Səfər çərçivəsində qonaqlar Bakı şəhər prokurorluğunda olub.

 

Qonaqları qəbul edən Bakı şəhər prokuroru Elşən Abbasov prokurorluq orqanlarının fəaliyyəti, idarəetmə sistemi, struktur quruluşu və səlahiyyət dairəsi, habelə istintaq, prosessual nəzarət və vətəndaş müraciətlərinə baxılması mexanizmləri barədə onlara ətraflı məlumat verib.

 

Görüşdə hər iki ölkənin prokurorluq orqanlarının fəaliyyətinə dair qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, hüquqi sahədə təcrübə mübadiləsinin institusional əməkdaşlığın inkişafında mühüm rol oynadığı vurğulanıb.

 

Nümayəndə heyətinə “Elektron Prokurorluq” İnformasiya Sisteminin fəaliyyəti, sistem çərçivəsində tətbiq edilən müasir rəqəmsal həllər, elektron xidmətlər, vətəndaş müraciətlərinin operativ, şəffaf və effektiv şəkildə icrasına imkan verən mexanizmlər barədə geniş təqdimat keçirilib. Sözügedən sistemin funksionallığı, məlumatların inteqrasiyası imkanları və innovativ yanaşmaları qonaqlarda xüsusi maraq doğurub, rəqəmsallaşma sahəsində təcrübə mübadiləsinin gələcək əməkdaşlıq baxımından faydalı olacağı qeyd edilib.

 

Səfər proqramına uyğun olaraq nümayəndə heyəti Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən qəbul edilib. Görüş zamanı Azərbaycan və Türkiyə arasında mövcud olan strateji tərəfdaşlıq, dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olması vurğulanıb, bu münasibətlərin hüquq-mühafizə orqanları, xüsusilə prokurorluq qurumları arasında əlaqələrin daha da dərinləşməsinə və qarşılıqlı fəaliyyətin genişləndirilməsinə əlverişli şərait yaratdığı bildirilib.

 

Baş prokuror, həmçinin İstanbul şəhər prokurorluğu tərəfindən Qarabağ Universitetinin kitabxanasına hüquq sahəsinə dair xeyli sayda elmi və tədris vəsaitinin bağışlanmasını məmnunluq hissi ilə qeyd edib, bu təşəbbüsün gənc hüquqşünasların hazırlanması, elmi-tədqiqat fəaliyyətinin təşviqi və hüquqi biliklərin artırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb, göstərilən diqqət və dəstəyə görə öz təşəkkürünü ifadə edib.

 

Tərəflər arasında hüquqi sahədə mövcud əlaqələrin daha da möhkəmləndirilməsinin, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinin, peşəkar kadrların hazırlığı, təlim proqramlarının təşkili və institusional təcrübə mübadiləsinin intensivləşdirilməsinin vacibliyi vurğulanıb. Gələcək dövrdə əlaqələrin davam etdirilməsi, birgə təşəbbüslərin həyata keçirilməsi və əməkdaşlığın yeni formatlar üzrə inkişaf etdirilməsi barədə razılıq ifadə olunub.