Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial "Yaxın Şərqdəki sabitlik Azərbaycan üçün bu sahələrdə kritik əhəmiyyət daşıyır" - Tural İsmayılov
sosial

"Yaxın Şərqdəki sabitlik Azərbaycan üçün bu sahələrdə kritik əhəmiyyət daşıyır" - Tural İsmayılov

13-10-2025 17:00 150 Baxış
IMG

Misirdə, Şarm əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammitində məhdud sayda dövlət və hökumət başçılarının iştirak etməsi fonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvət alması ölkəmizin regiondakı diplomatik çəkisini olduqca aydın şəkildə göstərir. Bu dəvət Azərbaycanın beynəlxalq arenada, xüsusilə də İslam aləmində və Qərb-Şərq münasibətlərinin kəsişməsində artan nüfuzunun təsdiqidir.

Bu sözləri Tvit.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

O bildirib ki, sammitdə iştirak etmək Azərbaycanın sadəcə Cənubi Qafqazın deyil, həm də daha geniş regionun sabitliyinə töhfə vermək istəyinin göstəricisidir.

"Bu sammitin real sülh prosesinə nə dərəcədə töhfə verə biləcəyi isə tərəddüdlü bir sualdır. Hazırkı Yaxın Şərq gərginliyi fonunda, sammit daha çox siyasi jest və beynəlxalq ictimaiyyətin narahatlığını ifadə edən bir platforma xarakteri daşıyır. Bununla belə, liderlərin bir araya gəlməsi və dialoqun davam etdirilməsi gələcək sülh danışıqları üçün zəmin hazırlaya bilər. Əsas məqsəd gərginliyi azaltmaq və humanitar vəziyyəti müzakirə etməkdir", - deyə o, vurğulayıb.

T. İsmayılovun sözlərinə görə, sammitin nəticələri Azərbaycanın regiondakı strateji maraqlarına bir neçə istiqamətdə təsir göstərə bilər. "Birincisi, Prezident İlham Əliyevin yüksək səviyyəli görüşlərdə iştirakı, Azərbaycanın tərəfsiz və etibarlı vasitəçi imicini gücləndirir. İkincisi, bu, Bakının həm Qərb, həm də Yaxın Şərq ölkələri ilə diplomatik körpülər qurmasına imkan yaradır. Üçüncüsü, Yaxın Şərqdəki sabitlik Azərbaycanın enerji və nəqliyyat marşrutlarının təhlükəsizliyi üçün kritik əhəmiyyət daşıyır. Prezidentin iştirakı Azərbaycanın regional sabitlikdəki rolunu vurğulayaraq ölkəmizin maraqlarını daha effektiv şəkildə qorumağa xidmət edir. Bu, Azərbaycanın beynəlxalq siyasətdəki sanbalının artdığını göstərən mühüm bir diplomatik hadisədir". 

Aysel Şirinova