Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ digər Anar Ələkbərov Klaudio Qucerotti ilə görüşdü
digər

Anar Ələkbərov Klaudio Qucerotti ilə görüşdü

05-11-2024 17:00 87 Baxış
IMG

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Müqəddəs Taxt-Tacın Şərq kilsələri üzrə dikasteriyasının prefekti kardinal Klaudio Qucerotti ilə görüşüb. 


Görüşdə Azərbaycan və Vatikan arasında mövcud əlaqələr, Heydər Əliyev Fondu ilə əməkdaşlıq çərçivəsində layihələr müzakirə olunub.

 

Klaudio Qucerotti Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi layihələri yüksək qiymətləndirib və daimi dəstəyə görə Fondun prezidenti Mehriban Əliyevaya Roma Papası Fransiskin xüsusi minnətdarlığını çatdırıb.

 

Görüşdə Heydər Əliyev Fondunun Vatikanda katakombların bərpası, Vatikan muzeyi və Apostol kitabxanası ilə sıx əməkdaşlığı, arxiv əlyazmalarının rəqəmsallaşdırılması, Vatikan arxeoloqlarının Azərbaycana tarixi və dini abidələrin bərpası məqsədilə tanışlıq səfəri və təcrübə mübadiləsi xüsusi qeyd olunub və gələcəkdə yeni layihələrin icrasının vacibliyi vurğulanıb.

 

Kardinal Qucerotti bu tədbirləri yüksək qiymətləndirərək Azərbaycan hökuməti və Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda yeni katolik kilsəsinin tikintisinin ölkəmizin multikultural siyasətinin bariz nümunəsi olduğunu bildirib.

 

Qonaq dünyada dini zəmində baş verən münaqişələrin genişlənməsi fonunda Azərbaycan hökumətinin həyata keçirdiyi multikulturalizm siyasəti, ölkədə müxtəlif dinlərin sülh şəraitində yaşaması, dini etiqad azadlığının sülhə ən böyük töhfə olduğunu vurğulayıb.

 

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun prezidenti Mehriban Əliyevanın Vatikanla münasibətlərə hər zaman xüsusi önəm verdiyini deyib və gələcəkdə də bu əməkdaşlığın inkişaf etdiriləcəyinə əminliyini ifadə edib. Vatikan şəhəri dövləti üzrə qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasında həyata keçiriləcək bərpa işləri bağlı imzalanmış əməkdaşlıq müqaviləsi tərəflər arasındakı sıx əməkdaşlığın göstəricisi kimi qeyd olunub.

 

Müqəddəs Taxt-Tacın nümayəndəsi Heydər Əliyev Fondu ilə gələcək layihələr sırasında Vatikanda Azərbaycanın mədəniyyət günlərinin keçirilməsi, sərgi və konsert proqramının təşkil olunması və müxtəlif sahələrdə mütəxəssislər arasında qarşılıqlı mübadilənin təşkil olunması təklifini də irəli sürüb.


Görüş zamanı Klaudio Qucerottiyə 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına hazırlıq işləri barədə də məlumat verilib. Qonaq COP29 ərəfəsində "Dünya dinləri yaşıl planet naminə” şüarı altında keçiriləcək Dini Liderlərin Qlobal Sammitinin dinlərarası münasibətlərin müsbət inkişafına və beynəlxalq konfransın uğuruna töhfə verəcəyinə əminliyini bildirib.