"Azərbaycanın itkin düşmüş şəxslərinə həsr olunmuş kitabını mənə təqdim etdiyinə görə tanınmış fotoqraf Reza Deqatiyə minnətdaram. Onun obyektivi vasitəsilə onilliklərdir doğmalarının yolunu gözləyən minlərlə ailənin ağrısı bütün dünyaya çatdırılır".
Tvit.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında bildirib.
O qeyd edib ki, minalarla yanaşı, itkin düşmüş şəxslər də müharibənin ən ağır humanitar nəticələrindən biridir:
"Hazırda 4010 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Ərazilərimizin işğaldan azad edilməsindən sonra 32 kütləvi məzarlıq aşkarlanıb. İnsan qalıqlarının çıxarılması və şəxsiyyətlərin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Bununla belə, biz hələ də Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik. Həmçinin 2020-2023-cü illərdə uzunluğu 440 kilometrdən, dərinliyi isə 2 kilometrdən çox olan keçmiş təmas xətti boyunca basdırılmış minaların xəritələrinin təqdim edilməsini gözləyirik. Bu minalar hələ də mülki şəxslərin ölümünə və yaralanmasına səbəb olur, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasına maneə yaradır.
Bu, sırf humanitar məsələdir. Sözügedən məlumatların paylaşılması etimadın möhkəmləndirilməsi istiqamətində mühüm addım, keçid ədalətinin elementi və regionumuzda davamlı sülhə real töhfə olardı. Ailələr öz doğmalarının taleyini bilməyə layiqdirlər".