Kolumbiyalı yarımmüdafiəçi Xames Rodriqes karyerasını ABŞ-nin "Minnesota Yunayted" kollektivində davam etdirəcək.
Tvit.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçu komandaya azad agent statusu ilə qoşulub.
34 yaşlı oyunçu ilə imzalanan müqavilə 2026-cı ilin iyun ayınadək nəzərdə tutulub. Razılaşmada həmin ilin dekabr ayınadək uzadılma bəndi də yer alıb.
Xames Rodriqesin son klubu Meksikanın "Leon" komandası olub. O, bu klubda 2025-ci ilin yanvar ayından çıxış edib. Karyerası ərzində Rodriqes Kolumbiyanın "Envigado", Argentinanın "Banfield", Portuqaliyanın "Portu", Fransanın "Monako", İspaniyanın "Real", Almaniyanın "Bavariya", İngiltərənin "Everton", Qətərin "Ər-Rayyan", Yunanıstanın "Olimpiakos", Braziliyanın "San-Paulu" və İspaniyanın "Rayo Valyekano" klublarının formasını geyinib.
Təcrübəli yarımmüdafiəçi Argentina, Portuqaliya, İspaniya və Almaniya çempionu olub. O, "Real"n heyətində iki dəfə UEFA Çempionlar Liqasının qalibi adını qazanıb.
Kolumbiya millisinin üzvü kimi Xames Rodriqes 2014-cü il dünya çempionatının ən yaxşı bombardiri, 2024-cü il Amerika Kubokunun isə ən yaxşı futbolçusu seçilib.