Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Xərçəng xəstələri müalicə üçün özəl klinika seçə biləcək
sosial

Xərçəng xəstələri müalicə üçün özəl klinika seçə biləcək

22-01-2026 12:00 19 Просмотров
IMG

Onkoloji müalicə artıq özəl klinikalarda da mümkün olacaq.

Modern.az xəbər verir ki, bu məsələ Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında müzakirə edilən "Əhalinin sağlamlığının qorunması haqqında” və "Onkoloji yardım haqqında” qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb.
 
Dəyişikliklərə əsasən, onkoloji xidmətin yalnız dövlət tibb müəssisələri ilə məhdudlaşdırılması aradan qaldırılacaq.
 
Hazırda "Onkoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə onkoloji xidmət yalnız bu sahə üzrə ixtisaslaşmış dövlət tibb müəssisələri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına göstərilir. Eyni zamanda dövlət onkoloji xəstələrin dispanserizasiyası, müayinə, müalicə və reabilitasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin yaradılmasını və onların maddi-texniki bazasının gücləndirilməsini təmin edir.
 
 
Qanunvericiliyə əsasən onkoloji xəstələrə müalicə-diaqnostika yardımı fərdi müraciət və ya müalicə-profilaktika müəssisəsinin göndərişi ilə ixtisaslaşdırılmış onkoloji müəssisələrdə göstərilir və bu xidmətlər dövlət büdcəsi hesabına maliyyələşdirilir.
 
Lakin "Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 24-cü maddəsi pasiyentin öz razılığı ilə həkimi və müalicə müəssisəsini seçmək hüququnu təsbit etsə də, mövcud qaydalara görə onkoloji yardım yalnız dövlət müəssisələrində göstərilə bilir. Bu isə pasiyentin seçim hüququnun faktiki olaraq məhdudlaşmasına səbəb olur.
 
Mövcud qanunvericiliyə görə hər hansı özəl tibb müəssisəsi onkoloji xidmət göstərərsə, bu fəaliyyət lisenziyadan kənar hesab olunur və məsuliyyətə səbəb olur. Digər tərəfdən, ölkədə onkoloji xəstələrin sayının çoxluğu və müalicənin yalnız dövlət büdcəsi hesabına aparılması bir sıra vətəndaşların ölkə xaricində müalicəyə üz tutmasına gətirib çıxarır. Halbuki, ölkə ərazisində müasir avadanlıqlarla təchiz olunmuş və ixtisaslı həkimlərin fəaliyyət göstərdiyi özəl tibb müəssisələri mövcuddur.
 
Bu səbəbdən qanunvericiliyə dəyişiklik edilərək "Lisenziyalar və icazələr haqqında” Qanunun tələblərinə uyğun şəkildə özəl tibb müəssisələrinə də onkoloji yardım göstərmək hüququnun verilməsi təklif olunur. Dəyişikliklərə əsasən, yalnız onkoloji yardım üzrə müvafiq lisenziyaya malik özəl tibb müəssisələri bu fəaliyyəti həyata keçirə biləcək.
 
Layihənin qəbul edilməsi nəticəsində vətəndaşlar öz iradələrinə uyğun olaraq dövlət və ya lisenziyalı özəl tibb müəssisəsində müalicə almaq imkanı qazanacaqlar. Bununla da Azərbaycan Respublikasının vətəndaşlarının, eləcə də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müalicə həkimini və tibb müəssisəsini sərbəst seçmək hüququnun təmin olunacağı gözlənilir.