Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının birgə təşkilatçılığı ilə "Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasında insan hüquqlarına əsaslanan islahatlar" mövzusunda konfrans təşkil olunub.
Tvit.az xəbər verir ki, konfransda fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov və Nazirliyin əməkdaşları, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Ombudsman Aparatının əməkdaşları, Milli Məclisin deputatları Aydın Hüseynov və Aydın Mirzəzadə, AMEA Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri Cəbi Bəhramov, əməkdar jurnalist Mübariz Əsgərov və FHN yanında İctimai şuranın üzvləri iştirak ediblər.
Əvvəlcə, konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, sonra Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov salamlama nitqi ilə çıxış edərək, Dahi Rəhbər Heydər Əliyevin şərəfli ömür yolundan, Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışıb.
Tarixi Şəxsiyyətin əziz xatirəsinin Azərbaycan xalqı tərəfindən dərin ehtiramla anıldığını qeyd edən nazir müavini Ümummilli Lider tərəfindən ölkəmizdə hüquqi və demokratik dövlət quruculuğunun möhkəm əsaslarının qoyulduğunu vurğulayıb. Dövlət siyasətində insan hüquq və azadlıqlarının qorunmasına xüsusi əhəmiyyət verilib və bu sahədə aparılmış islahatlar bütövlükdə cəmiyyətin və dövlətin inkişafında əvəzsiz rol oynayıb.
Ombudsman Səbinə Əliyeva tədbirdə çıxışı zamanı Ulu Öndər Heydər Əliyevin fövqəladə hallar orqanlarının yaradılması üçün institusional bazanın formalaşdırılmasında xüsusi xidmətlərinin olduğunu, Dahi Liderin rəhbərliyi ilə fövqəladə halların idarə olunması sahəsində də strateji yanaşmanın formalaşdırıldığını qeyd edib.
Müvəkkil Ümummilli Liderin ölkəmizə rəhbərliyi dövründə Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, hüquqi və digər sahələrdə inkişafına yönəlmiş çoxsaylı islahatların əsasını qoyduğunu bildirib.
S.Əliyeva Ulu Öndərin Azərbaycanda hüquqi dövlətin qurulması və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində apardığı hüquqi islahatların ölkəmizin beynəlxalq hüquq sisteminə inteqrasiyasını sürətləndirdiyini, vətəndaşların hüquq və azadlıqlarını qorumaq üçün təsirli mexanizmlərin təsis olunmasına zəmin yaratdığını diqqətə çatdırıb. Müvəkkil dövlətin ali məqsədi olan insan hüquqlarının müdafiəsinə xidmət edən Ombudsman təsisatının da məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradıldığını vurğulayıb.
Ombudsman təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş genişmiqyaslı siyasətin hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün prioritet çağırışlarına uyğun olaraq uğurla davam etdirildiyini bildirib, son illərdə insan hüquqları sahəsində bir sıra nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb.
Daha sonra Milli Məclisin deputatları Aydın Mirzəzadə və Aydın Hüseynov, FHN Akademiyasının rəisi Baba Salayev, AMEA Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov və əməkdar jurnalist Mübariz Əsgərov çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən söz açıb, müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı yolunda atdığı tarixi addımlardan danışıb, ölkəmizdə demokratik və hüquqi dövlət quruculuğu sahəsində həyata keçirdiyi genişmiqyaslı islahatların əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Tədbirin yekununda “Ölüm hökmü - ömürlük cəza” sənədli filmi nümayiş olunub.