Cənubi Koreyanın limanlarından iyul və avqust aylarında Rusiyaya yola düşən tankerlərə yanacaq yüklənib.
Bu barədə “The Guardian” liman sənədləri və gəmilərin hərəkətini izləmə məlumatlarına istinadən xəbər yayıb.
Nəşrin məlumatına görə, 7 tankerə 176 min tondan çox yanacaq yüklənib və onlar Rusiyanın Uzaq Şərqinə 14 reys həyata keçirib. Gəmilərdən 3-ü Aİ və Böyük Britaniyanın sanksiyaları altında olub.
Bəzi hallarda sənədlərdə təyinat məntəqəsi kimi Yaponiya və ya Sinqapur göstərilsə də, gəmilər daha sonra Vladivostoka yollanıb.
Enerji və Təmiz Hava Araşdırmaları Mərkəzinin (CREA) təhlilinə əsasən, Rusiya avqust ayında dəniz yolu ilə təxminən 368 min ton neft məhsulları idxal edib. Bu, əvvəlki ayla müqayisədə 7 dəfə çoxdur. İdxalın təxminən 112 min tonu Cənubi Koreyanın payına düşüb. Bu göstəriciyə görə Cənubi Koreya Hindistandan sonra ikinci yerdə qərarlaşıb.
Aysel