Braziliya Prezidenti Lula da Silva və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
Tvit.az-ın xarici mediaya istinadla xəbərinə görə, söhbət bir saatdan çox davam edib. Tərəflər ikitərəfli münasibətləri və beynəlxalq gündəmi müzakirə ediblər.
Danışıqlarda əsas diqqət ABŞ-ın Braziliyaya tətbiq etdiyi tariflərə yönəlib. Braziliya lideri tariflərin tətbiqinə əsas kimi göstərilən ittihamların əsassız olduğunu bildirib və gömrük tədbirlərinin hər iki ölkəyə mənfi təsir göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, Tramp möhkəm ticarət əlaqələrinin qorunmasının vacibliyi ilə razılaşıb və iki ölkənin nümayəndə heyətləri arasında danışıqların mümkün qədər tez bərpa olunmasını təklif edib.
Tərəflər həmçinin mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlığı, Ukraynadakı və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
Lula da Silva Rusiya ilə Ukrayna arasındakı münaqişənin danışıqlar yolu ilə həll edilməsinin vacibliyini qeyd edib və beynəlxalq böhranlardan diplomatik çıxış yollarının axtarılması üçün BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının çağırılmasını təklif edib.