Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Postmüharibə dövründə şəhid ailələri və əlilliyi olan şəxslərə 7300 mənzil verilib
sosial

Postmüharibə dövründə şəhid ailələri və əlilliyi olan şəxslərə 7300 mənzil verilib

19-08-2026 18:00 4 Views
IMG

Bugün Naxçıvan şəhəri və muxtar respublikanın rayonlarında şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə yeni mənzillər təqdim edilib.

 

Tvit.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.

 

Məlumata görə, Prezident İlham Əliyevin 12 avqust 2026-cı il tarixli Sərəncamında qeyd edildiyi kimi, Naxçıvan Muxtar Respublikasında şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün daha 68 mənzil ayrılıb.

 

Mənzillərin təqdimat mərasimlərində Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə, həmçinin şəhər və rayon icra hakimiyyətlərinin başçıları iştirak ediblər.

 

Tədbirlərdə bildirilib ki, şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatına Ümummilli Lider Heydər Əliyevin tapşırığı ilə ötən əsrin 90-cı illərində başlanılıb. Prezident İlham Əliyevin bu kateqoriyadan olan vətəndaşlara göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində sosial müdafiə tədbirləri, o cümlədən mənzil təminatı proqramı ardıcıl şəkildə genişləndirilib. Zəfərlə başa çatan Vətən müharibəsindən sonrakı dövrdə proqramın miqyası beş dəfə artırılıb. Postmüharibə dövründə 7300, ümumilikdə isə indiyədək 16 mindən çox mənzil şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib.

 

Naxçıvan Muxtar Respublikasında da bu istiqamətdə həyata keçirilən tədbirlər davamlı xarakter daşıyır. Bu gün daha 68 şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi olan şəxs yeni mənzillə təmin olunub. Ümumilikdə isə ötən dövrdə muxtar respublikada bu kateqoriyadan olan vətəndaşlara 400-dək mənzil təqdim edilib.

 

Təqdim olunan mənzillərin 29-u Naxçıvan şəhərində, 23-ü Şərur rayonunda, digər mənzillər isə Babək, Ordubad, Culfa, Şahbuz və Kəngərli rayonlarında inşa edilmiş yeni çoxmənzilli yaşayış binalarında yerləşir.

 

Mənzillərlə təmin olunan şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər göstərilən diqqət və qayğıya, onlar üçün həyata keçirilən sosial dəstək tədbirlərinə və bu gün yeni mənzillərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.