Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Prezidentin vəzifədən azad etdiyi Saleh Məmmədovun dosyesi
sosial

Prezidentin vəzifədən azad etdiyi Saleh Məmmədovun dosyesi

06-02-2026 21:00 21 Views
IMG

Prezident İlham Əliyevin Sərəncamı ilə Saleh Ərşad oğlu Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

 

Tvit.az Saleh Məmmədovun dosyesini təqdim edir:

 

Saleh Məmmədov 1958-ci ildə Tərtər rayonunda anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakültəsini bitirib.

 

O, əmək fəaliyyətinə 1980-ci ildə Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin Texniki İnventar Bürosunda mühəndis kimi başlayıb.

 

O, 1982-1991-ci illərdə "Yoltəmirtikinti" Baş İdarəsinin 1 saylı Yol Tikinti İdarəsində mühəndis, baş mühəndis və rəis, 1991-1993-cü illərdə "Azərneft" Yol Tikinti Təmir Trestinin 3 saylı Yol Tikinti İdarəsində rəis, 1994-1995-ci illərdə "Azkommunkomplekttexnika" İstehsalat Birliyində rəis vəzifələrində işləyib.

 
 

1995-2003-cü illərdə "Azəravtoyol" Dövlət Şirkətinin Körpü Tikinti Trestinin rəis müavini, 1 saylı Yerli Avtomobil Yolları İdarəsinin rəisi, Siyəzən 4 saylı Yol istismar İdarəsinin rəisi, 1 saylı Yol İstismar İdarəsinin rəisi vəzifələrində çalışıb.

 

2003-2015-ci illərdə Nəqliyyat Nazirliyinin "Yolnəqliyyatservis" Departamentinin 1 saylı Yol İstismar İdarəsinin rəisi, 2007-ci ilin fevralında "Yolnəqliyyatservis" Departamentinin "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti olması ilə əlaqədar "Azəryolservis" ASC-nin 1 saylı Yol İstismar İdarəsinin rəisi vəzifələrində işləyib.

 

2015-ci ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini bitirib.

 

S.Ə.Məmmədov 2015-ci il tarixdən "Azəryolservis" ASC sədrinin birinci müavini təyin edilib və "Azəryolservis" ASC sədrinin vəzifəsi ona həvalə edilib.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2015-ci il tarixli Sərəncamı ilə S.Məmmədov "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

 

2016-cı ildə Saleh Məmmədov Azərbaycan Həndbol Federasiyasının prezidenti seçilib.

 

Saleh Məmmədov 2010-cu ildə "Tərəqqi" medalı ilə, 2012-ci ildə Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə "Əməkdar Mühəndis" fəxri adı ilə, 2018-ci ildə Azərbaycan Respublikasında avtomobil yollarının tikintisi və istismarı sahəsində görə xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

 

Ailəlidir, dörd övladı var.