Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Azərbaycan və Polşa bu sahədə əməkdaşlıq edəcək
siyasət

Azərbaycan və Polşa bu sahədə əməkdaşlıq edəcək

24-10-2025 11:00 27 Views
IMG

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Polşanın Baş Baytarlıq Müfəttişliyi yoluxucu heyvan xəstəliklərinin qarşısının alınması sahəsində əməkdaşlığa dair memorandum imzalayıblar.

Bu barədə "Tvit.az"a AQTA-dan məlumat verilib.

Bildirilib ki, Varşava şəhərində Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib.

Tədbirdə AQTA və Polşanın müvafiq qurumları arasında qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində əməkdaşlığın genişləndirilməsi və davam etdirilməsi barədə razılıq əldə olunub.

İclas zamanı həmçinin "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Polşa Respublikasının Baş Baytarlıq Müfəttişliyi arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb. Sənədi Agentliyin sədr müavini Zəkiyyə Mustafayeva və Polşanın Baş Baytarlıq Müfəttişliyinin rəisi Pavel Meyer imzalayıblar.

Memorandumun məqsədi heyvan və ictimai sağlamlığın qorunması istiqamətində birgə səylərin gücləndirilməsi, yoluxucu heyvan xəstəliklərinin qarşısının alınması və bu sahədə qarşılıqlı əlaqələrin inkişafını təmin etməkdir.

Sənədin imzalanması dövlət baytarlıq nəzarəti, heyvan və heyvan mənşəli məhsulların ticarəti, xəstəliklərin profilaktikası, məlumat və təcrübə mübadiləsi, eləcə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi sahələrində birgə fəaliyyət üçün yeni imkanlar yaradacaq.