Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Evlərin sökülməsi hansı hallarda mümkündür?- Hüquqşünasdan açıqlama
sosial

Evlərin sökülməsi hansı hallarda mümkündür?- Hüquqşünasdan açıqlama

02-09-2025 20:00 99 Views
IMG

Son zamanlar evlərin sökülməsi ilə bağlı məlumatlarla rastlaşırıq. Azərbaycan Respublikasının qanunvericiliyinə görə evlərin sökülməsi yalnız müəyyən hallarda mümkündür. Maraqlıdır, evlərin sökülməsi hansı hallarda baş verə bilər?

 

Mövzuyla əlaqədar hüquqşünas Polad Mehdiyev Tvit.az-a açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, evlərin sökülməsi əsasən 2 halda- dövlət ehtiyaclar və qanunsuz tikinti hallarında mümkün ola bilər.

 

“Bir, konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ ilə qorunur. Mülkiyyət hüququ yalnız dövlət ehtiyacları üçün, ədalətli kompensasiya ödənilməklə məhdudlaşdırıla bilər.
Torpaq Məcəlləsinin 70-75 ci maddələri və Mülki Məcəllənin  157, 203,204,205 və.s maddələri dövlət ehtiyacları naminə torpaqların alınması və əmlakın sökülməsi qaydasını müəyyən edir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun və Nazirlər Kabinetinin müvafiq  qərarları  dövlət ehtiyacları üçün torpaq və üzərindəki tikililərin alınmasını prosedurlaşdırır. Məsələn: yol çəkilişi, metro, ictimai obyektlərin tikintisi, mühüm infrastruktur layihələri və. s”
İkincisi isə, tikili qanunsuz inşa olduqda:
Belə olan halda Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən icazəsiz (sənədsiz) və normativlərə zidd tikililər sökülə bilər. Bu zaman mülkiyyət hüququ qanunla təsdiqlənməyibsə (reyestrdə qeydiyyatı, icazə sənədləri yoxdursa), dövlət kompensasiya ödəməyə borclu deyil. Yox, əgər vətəndaşın evinin sənədləri tam qaydasındadırsa, məhkəmənin qərarı olmadan ev sökülə bilməz”.

 

Bəs kompensasiya necə müəyyən edilir?

 

Müsahibimiz qeyd edib ki, Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları üçün mülkiyyət alınarkən əvvəlcədən və ədalətli kompensasiya ödənilməlidir. 

 

“Kompensasiya bazar dəyəri əsasında müəyyən edilir. Qiymətləndirmə müstəqil qiymətləndirici tərəfindən aparılır.
Evin və torpaq sahəsinin bazar qiyməti, əlavə tikili və qurğuların dəyəri, zəruri köçürmə xərcləri, əlavə gəlir itkisi (məsələn, obyekt kommersiya məqsədli istifadə olunurdusa) qanuna görə kompensasiyaya daxildir.
Əgər evin sökülməsi yalnız bir hissəyə təsir edirsə, sahibkar seçim edə bilər: ya kompensasiya, ya da əmlakın digər yerdə bərpası. Təbii ki, əgər vətəndaş kompensasiyanın məbləği ilə razılaşmırsa qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər”.

 

Ekspertin sözləri ilə desək, əgər ev sənədlidir və dövlət ehtiyacları üçün alınırsa, bazar dəyərinə uyğun kompensasiya mütləqdir. Əgər ev sənədsizdirsə və qanunsuz tikilibsə, kompensasiya ödənilməyə də bilər. Vətəndaş kompensasiyanın az olduğunu hesab edirsə,  məhkəmədə hüquqlarını müdafiə edə bilər.

 

Elmin Alışov