Qlobal səviyyədə əhalinin yaşlanması, ətraf mühit amilləri, müxtəlif həyat tərzi nəticəsində xərçəng xəstəliyinin dinamikasında artım müşahidə olunur.
"Tvit.az" xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev deyib.
O bildirib ki, 2022-ci ildə dünyada xərçəngə 20 milyon yeni tutulma halı aşkar edilib: “Dünya əhalisinin hər 5 nəfərdən biri yaşam müddətində xərçəng xəstəliyinə tutulur. Təxminən hər il 400 min uşağa xərçəng diaqnozu qoyulur. Ötən əsrin 60-cı illərində uşaqların xərçəngdən sağalma faizi 10 faiz idisə, bu gün həmin göstərici 90 faizin üzərindədir. Erkən aşkarlama faizi, ömür uzunluğu və digər göstəricilər əsasında ölkədə onkoloji xidmətin effektivliyini bəyan etmək olar. Ən əsası, bu gün artıq Azərbaycanda onkoloji xəstəliklərə münasibət dəyişib, onkoloji diaqnoz artıq müalicəyə çağırış kimi qəbul olunur. Bu müalicənin əsas məqsədi tək insan həyatını qorumaq deyil, həm də onun həyat keyfiyyətini təmin etməkdir. Bütün bunlar isə Azərbaycanın onkoloji xidmətinin və onun 85 yaşlı flaqmanı olan Milli Onkologiya Mərkəzinin doğru yolla inkişaf etməsinin göstəricisidir”.