Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Zakir Həsənov Afyoncu ilə görüşdü
siyasət

Zakir Həsənov Afyoncu ilə görüşdü

05-05-2025 19:00 30 Baxış
IMG

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə Milli Müdafiə universitetləri arasında keçiriləcək Yüksək Dialoq İclasında iştirak etmək üçün Azərbaycanda səfərdə olan qardaş ölkənin Milli Müdafiə Universitetinin (MMU) rektoru professor Ərhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

Bu barədə Tvit.az-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

 

Qeyd olunub ki, qonaqlar əvvəlcə Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib, xatirələrinə ehtiram nümayiş etdiriblər. Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını və Türk şəhidliyini ziyarət edərək gül dəstələri düzüblər.

 

Müdafiə Nazirliyində keçirilən görüşdə qonaqları salamlayan nazir onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan ilə Türkiyə arasında mövcud hərbi əməkdaşlığın bütün istiqamətlərdə olduğu kimi hərbi təhsil sahəsində də davam və inkişaf etdirildiyini ifadə edib.

 

Professor Ə.Afyoncu öz növbəsində göstərilən səmimi münasibətə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib, ölkəmizdə səfərdə olmaqdan məmnunluğunu ifadə edib. Qonaq elm və təhsil sahələrində əlaqələrimizin hər iki qardaş ölkə ordularının müasir milli kadr potensialının qüdrətlənməsinə müsbət təsirini diqqətə çatdırıb.

 

Daha sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev qonaqlarla görüşərək keçiriləcək Yüksək Dialoq İclasının hər iki ölkənin hərbi təhsil ocaqlarına qarşılıqlı faydalarından danışıb, eləcə də ölkələrimiz arasındakı hərbi təhsil sahəsindəki əməkdaşlığın cari vəziyyəti və gələcəkdə daha da genişləndirilərək inkişaf etdirilməsi üzrə məsələləri müzakirə edib.

 

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran bir sıra mövzulara dair geniş fikir mübadiləsi aparılıb.