Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Azərbaycan və Küveyt arasında birgə bəyannamə İMZALANDI
siyasət

Azərbaycan və Küveyt arasında birgə bəyannamə İMZALANDI

30-04-2025 18:00 24 Baxış
IMG

Azərbaycanla Küveyt arasında ikitərəfli əlaqələrin gücləndirilməsi üzrə qarşılıqlı öhdəliklər çərçivəsində, bir tərəfdən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, digər tərəfdən Küveyt Dövlətinin xarici işlər naziri Abdullah Əli Əl-Yəhyanın sədrliyi və hər iki ölkənin nümayəndələrinin iştirakı ilə aprelin 30-da Küveytdə Azərbaycan Respublikası və Küveyt Dövləti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclası keçirilib.

Bu barədə "Tvit.az"a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, iclasın əsas məqsədi Azərbaycanla Küveyt arasında ikitərəfli münasibətlərin bütün səviyyələrdə gücləndirilməsi və möhkəmləndirilməsi olub. Bu münasibətlər qarşılıqlı hörmət və maraqlara, eləcə də qarşılıqlı əhəmiyyət kəsb edən məsələlər üzrə əlaqələndirmə işinin təşkilinə əsaslanır. İki ölkənin hökumətləri arasında mövcud olan Əməkdaşlıq üçün Birgə Komissiya müştərək iqtisadi prioritetlərin və uzunmüddətli əməkdaşlığın gücləndirilməsi istiqamətində davamlı dialoq platformasını təşkil edir.

Azərbaycan və Küveyt tərəfi iki dost ölkə arasında əlaqələrin uzunmüddətli inkişafını, qarşılıqlı maraq kəsb edən sahələrdə, xüsusilə enerji, ticarət, investisiya, infrastruktur, yüksək texnologiyalar, nəqliyyat, kənd təsərrüfatı, qida təhlükəsizliyi, təhsil, səhiyyə, turizm, media və idman sahələrində əməkdaşlığın gücləndirilməsi üçün ortaq baxışların mövcudluğunu, eləcə də ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində konkret addımların atılmasının və işlərin koordinasiyasının əhəmiyyətini vurğulayıblar.

Komissiya əlavə tədbirlərin görülməsi vasitəsilə ticarət dövriyyəsinin artırılması, iqtisadi əməkdaşlığın inkişafına nail olmaq, müştərək sənaye və texnologiya təşəbbüslərinə dəstək vermək, Azərbaycan və Küveyt arasında ticarət mübadiləsinin asanlaşdırılması üçün logistik xidmətləri təkmilləşdirmək barədə razılığa gəlib. Komissiya, həmçinin enerji sferasında, o cümlədən neft və qaz sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib, iqtisadi resursların uzunmüddətli diversifikasiyasına dəstək verən təmiz enerji layihələri üzrə birgə təşəbbüslərin müəyyən edilməsinin əhəmiyyətini qeyd edib.

Küveyt tərəfi Azərbaycan tərəfini BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu ev sahibliyinə görə təbrik edib, bütün dünyadan geniştərkibli nümayəndələrin iştirakı ilə Azərbaycanın belə mühüm beynəlxalq tədbirə ev sahibliyi etməsinin onun beynəlxalq səviyyədə xüsusi yerinin və qabaqcıl rolunun göstəricisi olduğunu vurğulayıb, habelə konfransın uğuru üçün əlverişli şəraitin yaradılması istiqamətində təşkilatçılıq tədbirlərini alqışlayıb. Tərəflər çoxtərəfli tərəfdaşlıq müstəvisində müxtəlif beynəlxalq forumlarda əməkdaşlığı və qarşılıqlı dəstəyi yüksək qiymətləndiriblər.

Azərbaycan-Körfəz əməkdaşlığı müstəvisində, Azərbaycan Körfəz Əməkdaşlıq Şurasının cari sessiyasına sədrlik edən Küveytin səylərini yüksək qiymətləndirib. Tərəflər sözügedən məsələlər çərçivəsində əməkdaşlıq və 2024-2028-ci illər üzrə Körfəz Əməkdaşlıq Şurası-Azərbaycan Respublikası birgə iş planını həyata keçirmək niyyəti ilə çıxış ediblər.

Regional və beynəlxalq müstəvidə diqqət tələb edən bir çox məsələlər nəzərdən keçirilib, beynəlxalq təhlükəsizlik və sülhə nail olmaq istiqamətində fəaliyyətə dəstək göstərməyin əhəmiyyəti, münaqişələrin BMT nizamnaməsi və beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq həllinin vacibliyi vurğulanıb. Azərbaycanın və Küveytin bir-birinin suverenliyini, ərazi bütövlüyünü dəstəkləməklə bağlı öhdəliklərinə sadiq olduqları bir daha diqqətə çatdırılıb.

Azərbaycan Respublikası və Küveyt Dövləti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclasının işinin sonunda iclasın təsdiq olunmuş protokolu, ona nəzarət mexanizmləri, onun əlavələri - növbəti iki il üçün müştərək yol xəritəsi imzalanıb. Bu, hər iki ölkənin bütün aidiyyəti qurumlarının strateji əməkdaşlıq vasitəsilə müxtəlif sahələrdə fəaliyyətini, eləcə də əməkdaşlıq çərçivəsini, konkret prosedurları və 2025-2027-ci illər üzrə müddəti əhatə edir. Tərəflər, həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlıq müqaviləsini, idman, mədəniyyət və turizm sahələrinə aid bir neçə fəaliyyət proqramını imzalayıblar.

Yekunda, tərəflər Birgə Komissiyanın 4-cü iclasının 2027-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi barədə razılığa gəliblər.