"Mən heç şübhə etmirəm ki, bu səfər bizim münasibətlərimizin inkişafında çox önəmli rol oynayacaq. Biz Prezident Pezeşkianı səbirsizliklə gözləyirdik".
"Tvit.az" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla birgə mətbuata açıqlamasında deyib.
"Çox təəssüf edirik ki, bir neçə gün bundan əvvəl İranda baş vermiş faciə insan itkiləri ilə nəticələndi. Bir daha qardaş İran xalqına başsağlığı veririk. Allah həlak olanlara rəhmət eləsin, yaralananlara Allah şəfa versin. Bu faciəyə baxmayaraq, Prezident Pezeşkian Azərbaycana öz səfərini gerçəkləşdirir. Biz bunu çox yüksək qiymətləndiririk və Allah xalqlarımızı bu bəlalardan qorusun, həmişə bizim bölgəmizdə sülh olsun, əmin-amanlıq olsun və hər iki ölkə bu istiqamətdə öz səylərini göstərəcək. Hər halda ikitərəfli formatda bölgədəki vəziyyət, sülhün dayanıqlı olması, əmin-amanlığın təmin edilməsi, ölkələrin suverenliyi, ərazi bütövlüyü, ölkələrin daxili işlərinə qarışmama kimi prinsiplər də üstün tutuldu.
Mən yenə də Prezident Pezeşkiana “Xoş gəlmisiniz!” deyirəm, mənim dəvətimi qəbul edib Azərbaycana səfər etdiyi üçün təşəkkürümü bildirmək istəyirəm. Onunla birlikdə gələn bütün qonaqlarımıza da “Xoş gəlmisiniz!” deyirəm. Əminəm ki, səfəriniz uğurlu, nəticələr də çox gözəl olacaq. Sağ olun", - deyə İlham Əliyev vurğulayıb.