Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Əli Əsədov yeni qərar imzaladı
sosial

Əli Əsədov yeni qərar imzaladı

12-03-2025 10:00 53 Baxış
IMG

Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələblər təsdiqlənib.

 

Tvit.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Qərar həmin müəssisələrdə göstərilən xidmətlərin keyfiyyətinə dair tələbləri müəyyən edir.


Qərarda xidmətlərin təşkili istiqaməti üzrə müəssisələrdə uşaqların əqli, fiziki və psixoloji inkişafının təmin edilməsi üçün uyğun şəraitin yaradılması, müəssisələrdə çalışan işçilərin icbari tibbi müayinədən keçirilməsi, uşaqlara dair fərdi məlumatların toplanılması, işlənilməsi, mühafizəsi və digər zəruri tələblər öz əksini tapır.

 

Eyni zamanda uşaq müəssisələrində yaşayış şəraiti, (təhlükəsizliyin təşkili, yanğından mühafizə, sanitariya-gigiyena və əksepidemik rejimin norma və qaydalarına riayət edilməsi) habelə qidalanmanın qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun təşkilinə dair tələblər müəyyən edilir.


Bundan əlavə, tələblər uşaq müəssisələrində sağlamlığın mühafizəsi istiqamətində uşaqların tibb müəssisəsində uçota götürülməsinin təmin olunması, immunizasiyaya cəlb edilməsi, lazımi profilaktik tədbirlərin görülməsi, müəssisələrdə lazımi dərman və tibb vasitələri ilə təchiz olunmuş tibb otaqlarının təşkil edilməsi, uşaqlarla fərdi-psixoloji işin aparılması məsələlərini də əhatə edir.


Həmçinin tələblərdə uşaqların təlim-tərbiyəsi və asudə vaxtlarının səmərəli təşkili üzrə öyrədici mühitin, eləcə də sağlamlıq imkanları məhdud olan uşaqların təhsil hüququnun həyata keçirilməsi üçün şəraitin yaradılması, uşaqların mədəni-maarifləndirici tədbirlərə və idman fəaliyyətinə cəlb olunması məsələləri də əks olunur.


Tələblər uşaq müəssisələrində monitorinqlərin keçirilməsi zamanı nəzərə alınacaq.