Azərbaycan millisinin və "Bursaspor"un futbolçusu Toral Bayramov karyerasını "Rakuv"da davam etdirə bilər.
Tvit.az xəbər verir ki, bu barədə Polşa mətbuatında məlumatlar yayılıb.
Qeyd edilib ki, hazırda "Bursaspor"un şərəfini qoruyan azərbaycanlı futbolçu qışda Polşa klubuna transfer olmaq üçün danışıqlar aparır.
Bildirilir ki, Bayramovun Polşa çempionatına ehtimal olunan keçidi daha öncə də geniş müzakirə mövzusu olmuşdu.
"Ötən il futbolçunun adı "Lex", "Legiya" və eləcə də "Rakuv"la birgə çəkilirdi. Lakin yekunda, o, "Qarabağ"da qalaraq komandası ilə birlikdə UEFA Çempionlar Liqasının oyunlarında iştirak etmişdi. Mövsüm bitdikdən sonra azərbaycanlı oyunçu "Qarabağ"dan ayrılıb və bir milyon avro müqabilində "Bursaspor"a transfer olunub. Türkiyə təmsilçisi onu əsas gücləndirici qüvvə kimi görsə də, reallıq gözləntiləri doğrultmayıb - Bayramov "Bursaspor"da daha çox ehtiyat oyunçuya çevrilib. O, Türkiyənin aşağı liqasında indiyə qədər 11 matçda meydana çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb. Müntəzəm oyun təcrübəsinin olmaması səbəbindən Bayramov qış transfer pəncərəsində artıq özünə yeni klub axtarışındadır", - deyə xəbərdə bildirilib.
Qeyd edək ki, Polşanın yüksək liqasında mübarizə aparan "Rakuv"da Azərbaycan millisinin hücumçusu Mahir Emreli də çıxış edir.