İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin İrana qarşı hərbi hücumlarına son qoymalı, bu cür addımların gələcəkdə təkrarlanmayacağına zəmanət verməli və dəymiş ziyanı ödəməli olduğunu bildirib.
Tvit.az xəbər verir ki, Nazir bu barədə Yaponiyanın “Kyodo” agentliyinə müsahibəsində danışıb.
Əraqçinin sözlərinə görə, ABŞ İslam Respublikasına qarşı həyata keçirdiyi hərbi hücumlara görə hüquqi məsuliyyət daşıyır.
İran XİN rəhbəri sözügedən hücumları beynəlxalq hüququn və ölkənin suverenliyinin kobud şəkildə pozulması kimi qiymətləndirib. O vurğulayıb ki, heç bir dövlət öz maraqlarını beynəlxalq hüquq normalarından üstün tuta bilməz.
Əraqçi, həmçinin qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının icazəsi olmadan həyata keçirilən hücumların heç bir hüquqi əsası yoxdur.
Nazir əlavə edib ki, Tehran BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququnu özündə saxlayır.
Aysel Şirinova