Almaniyanın avtomobil istehsalçısı BMW ABŞ-də yanğın riski səbəbindən 720 796 avtomobilini geri çağırır.
Bu barədə “Reuters” agentliyi ABŞ Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) məlumatlarına istinadən məlumat yayıb.
NHTSA avtomobil sahiblərinə nəqliyyat vasitələrini təmir olunana qədər açıq havada, binalardan və digər avtomobillərdən uzaqda saxlamağı tövsiyə edib.
BMW nasazlığın aradan qaldırılması istiqamətində iş aparır. Şirkətin məlumatına görə, 2024-cü ildə su nasosundakı problemlə əlaqədar geri çağırılaraq təmir edilmiş avtomobillərdə sonradan 10 yanğın hadisəsi qeydə alınıb.
Geri çağırılma 2012–2018-ci illərdə istehsal edilmiş BMW 3-cü və 5-ci seriya, X1, X3, X4, Z4 və bir sıra digər modellərə şamil olunur.