Çexiya Ermənistana L-39NG Skyfox tipli təlim-döyüş təyyarələri satacaq.
Tvit.az xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan sosial şəbəkə hesabında məlumat paylaşıb.
KİV-in məlumatına görə, Çexiyanın “Aero Vodochody” şirkəti Ermənistana dörd ədədədək L-39NG Skyfox təyyarəsi satmağı planlaşdırır.
Qeyd edək ki, L-39NG Skyfox Ermənistan ordusunun silahlanmasında da yer alan L-39 Albatros təlim-döyüş təyyarəsinin modernləşdirilmiş versiyasıdır.
L-39 Albatros təyyarəsinin hazırlanmasına 1966-cı ildə Çexoslovakiyanın “Aero Vodochody” şirkətində başlanılıb. Onun təkmilləşdirilmiş versiyaları hazırda bir sıra ölkələrin silahlı qüvvələrində istifadə olunur.
Məlumata əsasən, bir ədəd L-39NG Skyfox təyyarəsinin qiyməti 10-14 milyon avro arasında dəyişir.