“WhatsApp” istifadəçilərə üçüncü tərəf platformalarında yaradılan süni intellekt agentlərini tətbiqə qoşaraq onlarla birbaşa mesajlaşmağa imkan verəcək yeni funksiyanı sınaqdan keçirir.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, “Android” üçün “WhatsApp”ın 2.26.35.3 beta versiyasında aşkarlanan funksiya məhdud sayda ölkədə və seçilmiş istifadəçilər arasında test edilir. Yeni imkan süni intellekt köməkçilərindən istifadəni birbaşa “WhatsApp” üzərindən həyata keçirməyə şərait yaradacaq.
İstifadəçilər tətbiqin parametrlərində yerləşən yeni “Agentlər” bölməsindən köməkçilərini konfiqurasiya edə biləcəklər. Burada agentə ad vermək və profil şəkli təyin etmək mümkündür. Hər “WhatsApp” hesabına maksimum beş süni intellekt agentinin qoşulmasına icazə veriləcək.
Quraşdırma başa çatdıqdan sonra “WhatsApp” unikal API açarı yaradacaq. İstifadəçi bu açarı agentin yerləşdiyi üçüncü tərəf platformasına əlavə etməklə bağlantını aktivləşdirə və daha sonra həmin agentlə söhbətə başlaya biləcək. Lazım gəldikdə API açarını yeniləmək də mümkün olacaq.
Funksiya hazırda mərhələli şəkildə sınaqdan keçirilir. “Agentlər” bölməsi görünməyən istifadəçilər isə funksiyanın hesabları üçün aktivləşdirilməsini gözləməli olacaqlar. “WhatsApp” yeni imkanın bütün istifadəçilər üçün nə vaxt əlçatan olacağını hələ açıqlamayıb.
Aysel Şirinova