Oruc tutmağın orqanizmimiz üçün faydası var. Eyni zamanda insanın həm ruhu, həm daxili orqanlarının təmizləməsinə kömək edir. Burada məsələ düzgün oruc tutmaqdır. Necə ki, bəzi insanlar düzgün qidalanmırlar eləcə də, təəssüflər olsun ki, Ramazan ayından istifadə edərək qeyri – normal oruc tuturlar. Elə oruc tutan insanlar var ki, sırf həmin ay üçün tətilə çıxırlar.
Bu fikirləri Tvit.az-a açıqlamasında dietoloq Ləman Süleymanova bildirib.
"Səhər imsak etməmək edilən yanlışlardan biridir. İmsakda qidalanmaq çox vacibdir. Ümumilikdə, səhər qidalanması insanı günlük enerji ilə təmin edir. İmsakdakı qidalar gün ərzində insanın suya olan tələbatını təmin etməlidir. Biz o qidalarla enerji yığmalıyıq ki, ən azı saat 3-dək bizi idarə etsin. Bəzi insanlar var ki, imsaka oyanmadan gün ərzində yatırlar, iftara bir saat qalmış dayanmadan yemək yeyirlər. Bu istər dini, istərsə də sağlamlıq baxımından düzgün yanaşma deyil. Həzm prosesi ləngiyir, bağırsaqların fəaliyyətinə təsir edir, şəkər və təzyiqlə bağlı yüksəlmələr müşahidə olunur. Eyni zamanda çəki alma halına da rast gəlinir", - dietoloq vurğulayıb.
Ləman Süleymanova bildirib ki, Ramazan ayında nəfsimizə qalib gəlmək buyurulsa da, insanlar bu ayda xüsusi təmtəraqla geniş süfrələrə can ataraq sui – istifadə və israfa yol verirlər. Dietoloq bütün bu xoşagəlməz məqamlarla yanaşı düzgün, təmiz oruc tutmaq qaydasından da bəhs edib:
“Bura imsaka oyanmaq, iftar süfrəsini sadə hazırlamaq daxildir. Əlavə olaraq, iftarı xurma ilə açmaq da faydalıdır. Xurma bitki lifidir. Tərkibində şəkər var ki, beyinə yaxşı təsir edir. Qəbul ediləcək qidanın həzmini tezləşdirir. Yarım boşqab şorba, bir çeşid quru yeməklə iftar mamasından qalxmaq düzgündür. Son olaraq, yarım saat ara ilə bitki çayını qəbul etmək lazımdır”.
Aysel Şirinova,
Tvit.az